DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!


Promo
Cəmiyyət

Millət vəkili Şuşa bəyannaməsi haqda yazdı

7 dəqiqəyə oxunur
Millət vəkili Şuşa bəyannaməsi haqda yazdı 06 İyul 2021

Azərbaycan-Türkiyə münasibətləri 44 günlük Vətən Müharibəsindən sonra yeni mərhələyə qədəm qoyub. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın  Azərbaycana səfəri və səfər zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Şuşa Bəyannaməsinin imzalanması bu deyilənlərə əyani sübutdur.

Şuşa Bəyannaməsi ölkələrimizin müttəfiqliyini hüquqi cəhətdən təsdiqləyən bir sənəd kimi tarixə düşdü. Düzdür, bu vaxta qədər ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığı özündə ehtiva edən xeyli sayda sənədlər mövcud olub. Lakin Şuşa Bəyannaməsi hər bir sahəni, xüsusilə də ölkələrimiz arasında qarşılıqlı hərbi əlaqələri özündə cəmləşdirən tarixi bir sənəddir. Yüz il öncə Azərbaycanla-Türkiyə arasında imzalanmış olan Qars müqaviləsi də ölkələrimizin dostluq-qardaşlıq münasibətlərindən irəli gələrək strateji tərəfdaş olduqlarının tarixi köklərini özündə təcəssüm etdirir. Şuşa Bəyannaməsi isə Qars Müqaviləsinin hüquqi bazası əsasında müasir dövrün reallıqları nəzərə alınmaqla imzalanmış sənəddir. Bəyannamənin adı əslində hər şeyi deyir. “Azərbaycan-Türkiyə müttəfiqliyi haqqında Şuşa Bəyannaməsi”  ifadələri ilk növbədə Azərbaycan-Türkiyə müttəfiqliyinin bu sənədlə rəsmiləşdirilməsindən xəbər verir. Burada istənilən üçüncü bir ölkəyə qarşı zidd olacaq fikirlərdən  hər hansı bir məsələ yoxdur. Şuşa Bəyannaməsi tarixi bir sənəd olmaqla yanaşı Azərbaycan və Türkiyə arasında gələcək münasibətlərin, əməkdaşlıqların tənzimlənməsi baxımından yol xəritəsi də adlandırıla bilər. Artıq Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycan regionda sülh və təhlükəsizliyin təmin olunmasında əsas aktor rolunu oynamağa başlayıb. Şuşa Bəyannaməsi isə NATO dövləti olan Türkiyə ilə Azərbaycanın müttəfiqliyini təsbit etməklə mühüm geostrateji əhəmiyyət daşıyır ki, bununla da regionda dayanaqlı sülh və təhlükəsizliyin təmin olunması üçün zəmin yaranmış olur. 

Şuşa Bəyannaməsi özlüyündə digər ölkələri, xüsusilə də 30 il torpaqlarımızı işğalda saxlayaraq ölkəmizə qarşı ərazi iddialarında olan Ermənistanı bu kimi cəfəng fikirlərdən çəkinməyə, 44 günlük hərbi əməliyyatlar zamanı Azərbaycanın yaratmış olduğu yeni reallıqları qəbul etməyə məcbur edəcək gücə malik sənəddir. Belə ki, Ermənistan siyasi rəhbərliyi proseləsləri və Şuşa Bəyannaməsinin müddəalarını real olaraq təhlil edə bilərsə əsassız iddialardan əl çəkər, bir ölkə kimi gələcəklərini qura bilmək üçün regionda sülh və təhlükəsizliyə qarşı təhdid rolunu oynamazlar. Əksinə sülh və region ölkələri ilə əməkdaşlığa meyil göstərərlər. 

Təbii ki, Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi əməkdaşlığın strateji istiqamətlərindən biridir. Azərbaycan hər zaman sülh və əməkdaşlıqda maraqlı olan ölkədir və heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur. Lakin Ermənistan bu deyilənlərin tam əksinə mövqe tutmuş və Azərbaycana qarşı işğalçılıq, talançılıq, ən əsası davamlı terror aktları törətmiş ölkədir. Bu mövqeyi əslində Ermənistanın özünə də böyük və geridönməz zərbələr vurub. Belə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və qətiyyətli siyasət nəticəsində Ermənistan bütün regional, eyni zamanda beynəlxaq əhəmiyyətli layihələrdən təcrid edilmiş dalan bir ölkəyə çevirilmişdir. 

44 günlük hərbi əməliyyatlar da tamamilə yeni reallıqlar yaratmış oldu, bütün iqtisadi layihələrdən təcrid olunmuş zəif Ermənistan artıq olan qalan silahlı birləşmələrini də itirdi, qarşıda isə bu ölkəni ağır iqtisadi, sosial böhran gözləyir.

Hazırki mövcud şəraitdə Ermənistan ciddi miqrasiya problemləri yaşayır. Demoqrafik böhran yaşayan ölkə həm də işçi qüvvəsi, istehsal qüvvəsi, müdafiə qüvvəsi çatışmazlığı ilə üzləşəcək. Deməli, erməni toplumu savaş yox, sülh imkanları axtaracaq ki,  bu da qonşu ölkələrlə, xüsuslə də regionun güclü dövləti olan Azərbaycanla sülh və əməkdaşlıqdan asılıdır. 
Ermənistanda daxili vəziyyətin sabit olmaması, hələ uzun perspektivdə yaxşı heç nəyin görünməməsi bu ölkənin sülh və əməkdaşlığa məcbur qalacağından xəbər verir. Onsuz da Azərbaycanın 44 günlük hərbi əməliyyatlarda əsas hədəflərindən biri də bu ölkəni sülhə məcbur etmək idi. Atıq Ermənistan cəmiyyətində çətin də olsa bəzi siyasətçilər, ictimai xadimlər, eyni zamanda sadə insanlar beynəlxalq hüquq müstəvisində Qarabağın Azərbaycanın əzəli ərazisi olduğunu etiraf etməyə və bu həqiqəti qəbul etməyə başlayıblar. 
Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə sürətli şəkildə bərpa-quruculuq işlərinə start verməsi, eyni zamanda regionda nəqliyyat-kommunikasiya infrastrukturunun qurulmasında maraqlı olması ölkəmizin münaqişədə deyil, sülh və davamlı təhlükəsizlik mühitinin yaradılmasında maraqlı olduğundan xəbər verir. Bütün bunlar isə o deməkdir ki, bir neçə ildən sonra Şuşa ilə Xankəndinin inkişaf səviyyəsində ciddi fərqlər aydın görünəcək. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları yaranacaq. Əhalinin durumundakı fərqlər, ticarət imkanları, iş yerləri Qarabağda yaşayan ermənilər üçün Azərbaycanı daha cazibədar edəcək və bununla da Azərbaycan qanunlarını və vətəndaşlığını qəbul etmiş olacaqlar. Təbii ki, dünyanı dərk edən hər bir şəxs güclü dövlətin vətəndaşı olmaq istəyər. 

Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında hər bir sahədə əməkdaşlığı təmin edən sənəd olduğu üçün ölkəmizin iqtisadi gücünə də əlavə güc qatmış olacaq. Güclü iqtisadiyyat isə güclü Ordu, güclü müdafiə sistemlərinin mövcud olması deməkdir. 

Bundan əlavə Şuşa Bəyannaməsi beynəlxalq təşkilatlar müstəvisində qarşılıqlı dəstəyin təmin olunması deməkdir. Belə ki, ölkələrimiz aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və BMT, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər. 
Şuşa Bəyannaməsini imzalamaqla Azərbaycan və Türkiyə beynəlxalq hüquqla qorunan hərbi tərəfdaş olduqları bəyan etmiş oldular. Bununla da hər iki ölkəninmüstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, ölkələrimiz bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır.

Bir sözlə Şuşa Bəyannaməsinin müddəaları ilə tanış olduqda  Azərbaycan və Türkiyə arasında dostluq-qardaşlıq, bir millət maraqlarına əsaslanan, iki dövlətinin hər zaman bir-birinin yanında olmasını təmin edən, hər iki dövlətin birgə maraqlarını bütün dünyaya bəyan edən mühüm tarixi əhəmiyyətə malik sənəd olduğunu görmüş oluruq. 

Millət vəkili Cavid Osmanov