“Azərbaycanın 2019-cu ildən etibarən Qoşulmama Hərəkatına sədrliyi dövründə gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə və təsisatın fəaliyyətinin genişləndirilməsi, beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımlara görə ölkəmizə etimadın göstəricisi kimi Hərəkata sədrliyimizin daha bir il uzadılması gözlənilən idi. Növbəti bir ildə də Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan uğurlara imza atdı, Hərəkatın dünyada söz sahibinə çevrilməsində böyük rol oynadı. Nəzərə alsaq ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dünyanın koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başladığı dövrə təsadüf edir, bu halda irəli sürdüyü təşəbbüslərin uğurlu nəticələrindən danışmamaq mümkünsüzdür. Bir mühüm məqamı xüsusi qeyd etməliyik ki, Azərbaycan biri-birinə əks qütbləri bir araya gətirərək COVİD-19-un qlobal problem olduğunu və bunun üçün qlobal mübarizənin aparılmasının vacibliyini vurğuladı. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə öncə Türk Şurasının, sonra isə Qoşulmama Hərəkatının Zirvə görüşlərinin keçirilməsi və koronavirusla birgə mübarizənin sonrakı dövrlərdə müsbət nəticələri diqqətdən kənarda qalmadı”.
Bunu “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Qoşulmama Hərəkatı dünyada BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır: “Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində ölkəmiz bu təsisata uğurla rəhbərlik etməklə onun beynəlxalq aləmdə nüfuzunu və rolunu gücləndirib, böyük uğura imza atıb. Qoşulmama Hərəkatının institusional inkişafı, qurumun Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin nailiyyətləridir. Dövlət başçısı Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə bu mühüm məqamı da xüsusi qeyd etdi ki, hazırda qurumun qadınlar platformasının yaradılması üzərində işlər gedir. Hərəkatın iclaslarında Azərbaycan Prezidentinin toxunduğu vacib məsələlərdən biri də mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqidir. Vurğulandı ki, “mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi bizim gündəliyimizdə öndə duran məsələlər olmalıdır. Biz geniş vüsət alan islamofobiya və ksenofobiya hallarından, həmçinin İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatıq. Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması, təhqir olunması və buna ifadə azadlığı adı altında bəraət qazandırılması tamamilə məsuliyyətsizlikdir, qəbulolunmazdır və bu, pislənilməlidir”.
Bəli, tolerantlıq nümunəsi olan Azərbaycan multikultural dəyərləri və sivilizasiyalararası dialoq ideyasını beynəlxalq miqyasda təbliğ etməklə qlobal sülh və inteqrasiya prosesinə vacib töhfələr verir. Sədrlik müddətində ölkəmiz Hərəkatın təsisatlanması istiqamətində mühüm addımlar atıb, Hərəkatın vahid loqo və bayrağının təsdiq edilməsi ilə bağlı proses başlatmaqla yanaşı, məhz ölkə başçısının təşəbbüsləri əsasında və Hərəkata üzv dövlətlərin dəstəyi ilə 2021-ci ilin 4-5 oktyabr tarixlərində QH-nin Gənclər Şəbəkəsinin, 2021-ci ilin 28 noyabr tarixində isə QH Parlament Şəbəkəsinin əsası qoyulub. Azərbaycan 2022-ci ilin 30 iyun-1 iyul tarixlərində QHPŞ-nin Bakı Konfransına, 2022-ci ilin 25-29 iyul tarixlərində isə QH-nin Gənclər Sammitinə ev sahibliyi edib. Həmin tədbirlərin yekunu olaraq QHPŞ və QH-nin Gənclər Təşkilatının fəaliyyət modallıqlarını tənzimləyən sənədlərin, eləcə də bu qurumların loqo və bayraqlarının qəbul edilməsi, həmçinin QH-nin internet səhifəsinin istifadəyə verilməsi Hərəkatın təsisatlanması istiqamətində əldə edilmiş mühüm nailiyyətlərdəndir”.