Qarabağ” bu gün UEFA Konfrans Liqasında tarixi oyuna çıxacaq.
Arazmedia.az-ın məlumatına görə, Azərbaycan klubları arasında ilk dəfə avrokuboklarda qrup mərhələsini adlayan komanda pley-off mərhələsində ilk matçını keçirəcək. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv Fransada “Marsel” klubu ilə üz-üzə gələcək.
“Velodrom” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Görüşü monteneqrolu FIFA referisi Nikola Dabanoviç idarə edəcək.
“Marsel” və “Qarabağ” avrokuboklarda ilk dəfə qarşılaşacaqlar. Hər iki komanda cari mövsüm qrup mərhələsində cəmi 1 oyunda uduzub. Fransa təmsilçisi Avropa Liqasında qrup 3-cüsü olduğu, Ağdam klubu isə Konfrans Liqasında mübarizə apardığı H qrupunu 2-ci sırada başa vurduğu üçün pley-offa vəsiqə qazanıb.
“Köhlən atlar”ın heyətində Şahruddin Məhəmmədəliyev və Xayme Romero zədəlidir, Bədavi Hüseynovla Abbas Hüseynovun isə meydana çıxması sual altındadır. Meydan sahiblərində isə yeganə itki Valenten Ronjyenin cəzalı olmasıdır.