DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!

Cəmiyyət

Bu gün buraxılış imtahanları keçiriləcək

1 dəqiqəyə oxunur

Dövlət İmtahan Mərkəzi (DİM) 2021-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən IX və XI sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 9-da əlavə imtahan keçirir.

Mərkəzdən bildirilib ki, sentyabrın 9-da, həmçinin bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər qeyd olunan imtahanı verəcəklər.

Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində təşkil ediləcək imtahanların idarə olunması üçün 22 imtahan rəhbəri, 10 ümumi imtahan rəhbəri, 166 nəzarətçi-müəllim, 20 buraxılış rejimi (mühafizə) əməkdaşı, 10 bina nümayəndəsi ayrılıb.

İmtahanlar bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahanlarda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 1057, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 382 şagirdin iştirakı nəzərdə tutulur. 107 şagird isə yalnız Azərbaycan dili fənni üzrə imtahan verir.