DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!


Promo
Cəmiyyət

Vətən müharibəsi iştirakçısı jurnalist Toğrul Həsənov: “Vətəni qorumaq mənim üçün böyük şərəfdir!” (MÜSAHİBƏ)

5 dəqiqəyə oxunur
Vətən müharibəsi iştirakçısı jurnalist Toğrul Həsənov: “Vətəni qorumaq mənim üçün böyük şərəfdir!” (MÜSAHİBƏ) 13 İyun 2021

Bu gün ki, müsahibimiz ötən ilin 44 günlük Vətən müharibəsində könüllü olaraq fədakarlıq göstərən əsgərlərdən biri də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Üniversitetinin məzunu, Toğrul Həsənovdur.

– Salam Toğrul! Aldığımız məlumata əsasən ötən ilin Vətən müharibəsində iştirak edən oğullarımızdan biri də sənsən. Oxucularımıza həyat və döyüş yolun barədə məlumat verməyi xahiş edirəm.

Mən də sizi salamlayıram. İctimaiyyətimiz üçün maraq yaradan mövzulara müraciət etdiyiniz üçün təşəkkür edirəm.

Mən – Həsənov Toğrul Nizaməddin oğlu 1989-cu ildə Ucar rayonu Təzə Şilyan kəndində anadan olmuşam.

1997 – 2008-ci illərdə Bakı şəhəri, Nərimanov rayonundakı Rafiq Nəsrəddinov adına tam orta məktəbi bitirmişəm. 2008 – 2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Üniversitetinin “Teatr kollektivləri və rejissorluq” fakültəsində bakalavr pilləsi üzrə təhsil almışam.

2012-2013-cü illərdə  “Hava hücumundan Müdafiə Qoşunları” Hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşam.

Ötən il sentyabrın 28-də ümumi səfərbərlik çağırışına riayət edərək Ucar rayon Hərbi Komissarlığına yollanaraq cəbhəyə getmişəm. Tərtər rayonunun Sarov kəndindəki hərbi hissədə “kəşfiyyat” bölüyündə xidmət etmişəm.

– Necə oldu ki, səni məhz kəşfiyyatçı olaraq seçdilər? Məlumdur ki, bu istiqamətdə xidmət etmək üçün həm fiziki hazırlıq, həm də xüsusi cəldlik, müşahidə qabiliyyətinə diqqət edilir.  

– Təbii ki, sizin də qeyd etdiyiniz kimi, kəşfiyyatçı cəld, lakin bununla yanaşı həm də diqqətli, ehtiyatlı olmalıdır. Bu seçim zamanı həm də müəyyən dərəcədə ucaboy və cüssəli olmaq da nəzərə alınır.

Fiziki keyfiyyətlərim şərtlərə uyğun olmadığı üçün ilk əvvəl məni kəşfiyyata seçmək istəmirdilər. Təvazökarlıqdan uzaq olsa da, qeyd edim ki, zabit heyəti də, cəbhə yoldaşlarım da mənim digər cəhətlərimi – döyüş yoldaşlarıma, yaralılara təcili hallarda yardım etməyimi, zəruri hallarda aktivlik göstərməyimi, cəldliyimi müşahidə etmişdilər və görünür ki, məhz belə xüsusiyyətlərimi və müvafiq təlimlərdə öyrəndiklərimi nəzərə alaraq məni məhz “kəşfiyyat” bölümünə qəbul etdilər. Kəşfiyyat rəisi, polkovnik-leytenant Bayram İbişovun rəhbərliyi və göstərişləri sayəsində hərbi xidmətimi yerinə yetirdim.

– İlk döyüşü necə xatırlayırsan? 

– İlk döyüşümüz Suqovuşan istiqamətində “Kamera” adlanan məntəqədən başladı. Ağır şəraitdə, çoxsaylı itikilər hesabına əldə olunan bu əməliyyat zamanı yaxınlığımda atılan tank mərmisinin zərbəsinin təsirindən ayağım zədələnmiş, qulaqlarım tutulmuşdu. Sonradan bilmişəm ki, döyüş yoldaşlarım məni döyüş sahəsindən çıxarmağa nail olublar və Naftalan şəhərindəki hospitala gətiriblər.

– Aldığımız məlumata əsasən, sən hospitalda az müddət qaldıqdan sonra şəxsi istəyinlə yenidən cəbhə bölgəsinə qayıtmısan?   

– Bəli… Daha dəqiq desəm, bir gün hospitalda qalaraq yenidən öz istəyimlə Suqovuşana qayıtdım, sonrakı döyüş əməliyyatlarında iştirak etdim. Suqovuşan azad edildikdən sonra Azərbaycan bayrağının dalğalanmasını görən şahidlərdən biri də mənəm. Bu bayrağı sancan şəxs isə mənim çavuşum İlkin Fərzəliyev olub.

– Bəli, çox təsirli və qürurverici xatirələrdir. Müşahidə ərəfəsində daha nələr yadında qalıb?

– Günlərlə müşahidə məntəqəsində dayanaraq düşmən hücumunun qarşısını almağa çalışırdıq. Xatırlayıram, heç gözlərim önündən getmir… Düşmən cəbhəsinə hücum edəndə düşmənlərimizin əks hücumu ilə qarşılaşdıq… Məhz həmin döyüşdə cəbhə yoldaşlarımdan bəzilərinin şəhidlik zirvəsinə ucalması mənə çox ağır təsir etdi, sarsıntı keçirdim. Həmin döyüşdə düşmənin snayper atəşi nəticəsində müqəddəs şəhidlik zirvəsinə ucalanlardan biri də  – kəşfiyyat çavuşu Cəfərov Xəlil oldu (kövrəlir).

– Çoxsaylı itkilər hesabına əldə olunan qələbəmizdə ən dəyərli yer bizim qəlbimizdə yaşayan şəhidlərimizdir. Onlar daim bizim dualarımızda qalacaqlar…

–  Bu anları xatırlamaq mənim üçün ən ağır məqamlardır.

Şəhidliyini gördüyüm döyüş yoldaşlarımdan biri də Eyyubov Sarvandır. Ən ağır döyüş əməliyyatlarının həyata keçirildiyi Suqovuşan bölgəsinin düşməndən azad edilməsi zamanı Elvin Kərimov və hərbi hissəmizin komandiri, polkovnik-leytenant Əfqan Əbdürəhmanov şəhid oldular. Belə şərəfli insanları tanımışam, onların insani keyfiyyətlərinə, hərbi bacarığına və qəhrəmanlığına şahid olmuşam. Bu itkilərlə barışmaq çətin olsa da, müharibənin öz qanunları var…

– Bildiyimə əsasən sən yalnız Suqovuşanda yox, Qarabağın digər ərazilərində də xidmət etmisən?

– Bəli, haqlısınız. Ötən il 10 noyabr sazişi imzalanandan sonra Qubadlı və Zəngilan rayonlarının düşməndən müdafiə edilməsində müşahidəçi qismində iştirak etmişəm.  Mənfur düşmənləri məhv etmə hissini yaşamaq mənim üçün şərəfli idi. Belə döyüşlərdə tətbiq edilən hərbi qüvvə, döyüş taktikası, ordumuzun gücü və xalqımızın qəhrəmanlığı bizə şanlı qələbə sevincini yaşatdı.

Yaxşı xatirimdədir… Laçın dəhlizində olanda mən və dostlarım “Laçınım” mahnısını qürurla ifa edərək, özümüzü qələbəyə ruhlandırırdıq…

– Toğrul! Bildiyimizə görə sən “Cəsur döyüşçü” medalına layiq görülmüsən. Təbii ki, ən şərəfli ad və təltifləri sizin kimi igidlər xalqın tarixi yaddaşında qalmaqla qazanıblar. Oxucularımıza yekun sözünü söyləməyini xahiş edirik.      

– Təvazökarlıqdan uzaq olsa da, mənim vicdanım rahatdır…

Vətən torpaqlarımızın azad edilməsi, qeyrətli vətəndaşlarımızı qorumaq mənim üçün şərəfdir. Yaradana şükrlər olsun ki, vəzifəmi layiqincə yerinə yetirməyi bacardım.

Vətən torpaqlarımız daim sülhün olmasını, xalqımızın firavan yaşamasını arzulayıram.

Qeyd edək ki, Toğrul Həsənov Rezonans.az informasiya portalının Baş redaktor müavinidir.

Aygün Məmmədova

Vətən müharibəsi iştirakçısı jurnalist Toğrul Həsənov: “Vətəni qorumaq mənim üçün böyük şərəfdir!” (MÜSAHİBƏ) 13 İyun 2021
Vətən müharibəsi iştirakçısı jurnalist Toğrul Həsənov: “Vətəni qorumaq mənim üçün böyük şərəfdir!” (MÜSAHİBƏ) 13 İyun 2021
Vətən müharibəsi iştirakçısı jurnalist Toğrul Həsənov: “Vətəni qorumaq mənim üçün böyük şərəfdir!” (MÜSAHİBƏ) 13 İyun 2021

 Payl