İndeksləşdirmə əsasında artım gələn ilin əvvəlindən bütün pensiyalara şamil olunacaq.
Arazmedia.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin təsdiq etdiyi yeni qanun – “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən növbəti addımdır.
Yeni qanun pensiyaların indeksləşdirilərək artırılmasında gələn ilin əvvəlindən bütün növ pensiyalara münasibətdə vahid, bərabər yanaşmaya keçidi təmin edir.
Qulluq stajına görə əlavə alan pensiyaçıların (dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslər və s.) pensiyaları əgər bu vaxta qədər onların işləmiş olduqları sahələrdə əməkhaqqı artımı olduqda artırdısa, bundan sonra həmin pensiyalar da digər pensiyalar kimi hər ilin əvvəlində indeksləşdirilərək artırılacaq. Nəticədə həmin şəxslərin pensiyalarında da hər il artım baş verəcək.
Digər tərəfdən, xüsusi şərtlərlə pensiya alan şəxslərin pensiyalarına bu il üzrə hər ay ödənilən 10%, həmçinin ümumi əsaslarla pensiya alan şəxslərin pensiyalarına isə il ərzində ödənilən 200 manat maddi yardımın bir aya düşən məbləği (16,67 manat) 2023-cü il yanvarın 1-dən onların pensiyalarının tərkibinə daxil ediləcək. Bundan sonra yekun pensiya məbləğləri 2022-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilib artırılacaq.
Misal üçün, xüsusi şərtlərlə pensiya təyin edilmiş şəxsin pensiyası 1000 manatdırsa, bu il əlavə dəstək olaraq hər ay verilən 10 faiz (100 manat) maddi yardımla birgə 1100 manat hesablanmaqla, indeksasiya faizi qədər artım bu yekun məbləğin (1100 manat) üzərinə əlavə ediləcək.
Qeyd edək ki, son 10 ildə bu kateqoriyadan olan şəxslərin böyük əksəriyyətinin pensiyasında ən yüksək artım 70% olubsa, ümumi əsaslarla pensiyaya çıxan şəxslərin pensiyalarında indeksasiya nəticəsində artım 98% olub.
Bu da vahid indeksasiya metoduna keçidin xüsusi şərtlərlə pensiyaya çıxan şəxslərin pensiyalarının davamlı artımı üçün daha effektiv və onların mənafeyinə uyğun olduğunu göstərir.
Eyni zamanda, hər il pensiyaların indeksləşdirilərək artırılması elektron qaydada həyata keçirilir və xüsusi şərtlərlə təyin olunmuş pensiyaların da növbəti ildən e-sistem üzərindən artırılması təmin olunacaq. Bununla həm də aidiyyəti qurumların bu sahədə inzibatçılığını yüngülləşdirilməklə, əməkhaqqı artımı ilə bağlı hər hansı məlumat təqdim etmə öhdəliyi də aradan qalxacaq.
Eləcə də dövlət qulluqçusu, hərbi qulluqçu və digər bu kateqoriyadan olan şəxslərə pensiya təyin edildikdən sonra onlar da azı 6 il işlədikdə (və ya pensiya təyin edildikdən sonra bir müddət işləyib daha işləmədikdə) topladıqları kapitala əsasən hesablanacaq artım pensiyalarının ümumi məbləğinin üzərinə əlavə ediləcək və daha yüksək məbləğdə pensiya məbləğlərinin formalaşmasına səbəb olacaq.