Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.
Arazmedia.az xəbər verir ki, çempionatın lideri “Qarabağ” “Sumqayıt”ın qonağı olub. “Kapital Bank Arena”da baş tutan matç “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə ilk qolu 16-cı dəqiqədə Kadi Borges vurub. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıda da hücumlarını davam etdirən Ağdam klubu 67-ci dəqiqədə Marko Veşoviçin qolu ilə fərqi artırıb. Oyunda son nöqtəni isə Leandro Andrade qoyub. 69-cu dəqiqədə fərqlənən kabo-verdeli yarımmüdafiəçi yekun hesabı müəyyənləşdirib.
Bu qələbədən sonra xallarını 52-yə çatdıran “Qarabağ” zirvədəki yerini möhkəmləndirib və avrokuboklara vəsiqəni təmin edib. 14 xalı olan “Sumqayıt” isə 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, ilk oyun günündə “Neftçi” səfərdə “Şamaxı”ya 2:1, “Sabah” isə evdə “Zirə”yə 3:1 hesabı ilə qalib gəlib. Tura bu gün keçiriləcək “Səbail” – “Qəbələ” matçı ilə yekun vurulacaq.