2021-ci ili başa vurduq. Ötən il ölkəmizin və dünyanın həyatında mühüm hadisələrlə yadda qaldı. Koronavirus pandemiyası bu il də davam etdi və Azərbaycanda minlərlə can aldı, milyonlarla insan virusun yeni ştamlarına yoluxdu.
Azərbaycan üçün Şuşa Bəyannaməsinin imzalanması, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, yeni iqtisadi rayonların, o cümlədən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılması, eləcəd də Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında üçtərəfli bəyanatlar imzalanması ilin vacib hadisələri sırasında yer aldı.
Arazmedia.az DİA.AZ-a istinadən xəbər verir ki, AYNA 2021-ci ilin siyasi, iqtisadi və xarici əlaqələr sahəsində hansı önəmli hadisələrlə tarixə düşdüyünü və cari ildən gözləntiləri eksperlərlə müzakirə edib.
Politoloq Mehman Əliyevin sözlərinə görə, 2021-ci il ölkəmiz üçün müsbət və mənfi məqamlarla yadda qalıb: “2020-ci ildə olduğu kimi, bu il də əsas diqqət Qarabağ probleminə yönəldi. İşğaldan azad edilmiş torpaqlarımızın bərpası istiqamətində müəyyən addımlar atıldı. Çox müsbət məqamdır ki, hökumət Qarabağda görülən işlərin gedişatı ilə bağlı əhaliyə müfəssəl məlumatlar verir. Cəmiyyətin ayrı-ayrı təbəqələrinin Qarabağa səfərləri təşkil olunur. Eyni zamanda, bu il olduğu kimi, 2022-ci ilin dövlət büdcəsindən də Qarabağın yenidən qurulmasına böyük məbləğdə vəsait ayrılıb. Bütün bunlar göstərir ki, Azərbaycan hakimiyyəti Qarabağda quruculuq işlərinin aparılmasında maraqlıdır və hökumətin bununla bağlı fəaliyyəti təqdir olunmalıdır”.
Mənfi məqamlara gəldikdə, həmsöhbətimiz deyib ki, hökumət ötən il də əhaliyə ciddi sosial-iqtisadi problemlər yaşatdı: “Tarif Şurasının qərarı ilə benzinin, elektrik və qazın qiymətlərinin qaldırılması onsuz da çətin durumda olan əhalinin sosial rifahını daha da pisləşdirdi. Hökumət bu bahalaşmanı kompensasiya etmək üçün müəyyən addımlar atsa da, bunlar yetərli olmadı. Çox təəssüf ki, Azərbaycan iqtidarı vətəndaşları yükləmək, dövlətin borcunu onların üzərinə qoymaq siyasətini ötən ildə də davam etdirdi. İl ərzində ilflyasiya səviyyəsi çox yüksək oldu ki, bu da əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir etdi”.
“Eyni zamanda, “Media haqqında” qanun layihəsinin müzakirəyə çıxarılması, bu qanunun daha çox informasiya azadlığını boğmağa, mətbuatı nəzarətdə saxlamağa yönəldiyi tam çılpaqlığı ilə ortaya çıxdı. Göründüyü kimi, hökumət ictimai şüuru nəzarətə götürmək və idarə etmək niyyətini bir daha nümayiş etdirdi”, – deyə o bildirib.
Əliyev hesab edir ki, 2021-ci ildə iqtidar-müxalifət dialoq da istənilən formada baş tutmayıb: “Bir halda ki, partiyalar taleyüklü qərarların qəbulunda iştirak etmir və kənarda saxlanılır, belə bir iddia ilə çıxış etmək mənasızdır. Eyni zamanda “Tərtər işi” ilin ciddi müzakirə mövzularından oldu. Nəhayət, hökumət ictimai etirazları nəzərə aldı və “Tərtər işi”ni araşdırmaq üçün yenidən komissiya yaratdı. Ümid edirik ki, bu məsələ obyektiv şəkildə araşdırılacaq və hərbçilərimizə işgəncə verən cinayətkarlar ən sərt şəkildə cəzalandırılacaqlar”.
İlin iqtisadi yekunlarını şərh edən iqtisadçı ekspert Vüqar Oruc söyləyib ki, Azərbaycan bu günə qədər neft ölkəsi olaraq dünyada tanınırdısa, artıq qaz ölkəsi olaraq tanınmağa başlayıb: “Bilirsiniz ki, Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına illik 32-34 milyard kubmetr qaz nəql etmək mümkündür. Azərbaycanın isə illik istehsal gücü 11 milyard kubmetrdir. Yeni yataqların da mövcud olduğunu və gələcəkdə işlənə biləcəyini nəzərə alsaq, bu rəqam arta bilər. Bu kəmər Azərbaycanın tranzit ölkə rolunda çıxış etməsinə zəmin yaardır. Azərbaycan-Türkmənistan və İran arasında imzalanan saziş bu iki qaz hasil edən ölkənin Azərbaycan vasitəsilə Avropa bazarlarına çıxışını təmin edəcək”.
Müsahibimiz qeyd edib ki, bu gün biz dörd Avropa dövlətini mavi yanacaqla təmin edirik: “Yaxın gələcəkdə Şərqi Avropa dövlətlərinin hesabına bu ölkələrin sayı artacaq. Bütün bunlar kifayət qədər ciddi uğurlardır. Həm Azərbaycanın regional əhəmiyyətini artırır, həm də yaxın gələcəkdə vətəndaşların rifah halının yüksəlməsinə səbəb olacaq”.
“Daha bir ciddi uğur isə 44 günlük Vətən müharibəsində işğaldan azad olunan torpaqlarımızda yenidənqurma işlərinin aparılması ilə bağlıdır. 2021-ci ildə olduğu kimi, 2022-ci ilin dövlət büdcəsindən də bu məqsədlə 2,2 milyard manat vəsait ayrılıb. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, beynəlxalq əhəmiyyətli daha iki aeroportun tikilməsi, azad olunan ərazilərin minalardan təmizlənməsi, infrastrukturun yaradılması istiqamətində həyata keçirilən zəruri addımlar 2021-ci ildə əldə etdiyimiz mühüm iqtisadi uğurlar sırasındadır”, – deyə iqtisadçı vurğulayıb.
Onun fikrincə, 2022-ci ildə ölkəmizin iqtisadi həyatında bir sıra yeniliklərin baş verəcək: “İqtisadiyyat naziri Mikayıl Cabbarovun da söylədiyi kimi, 2022-ci ildə Azərbaycanda investisiya fəallığının artması, eyni zamanda inflyasiyanın 6 faizdən 4,6 faiz həddinə qədər enəcəyi ehtimal olunur”.
Oruc qeyd edib ki, 2021-ci ildə inflyasiya səviyyəsinin yüksək olması, kommunal tariflərin bahalaşması mənfi məqamlardandır: “Baxmayaraq ki, koronavirus pandemiyasından digər dövlətlərlə müqayisədə daha az zərərlə çıxa bildik, pandemiyasonrası kommunal tariflərin artırılması sosial problemlərə səbəb oldu. Yaxşı olardı ki, hökumət bu kimi addımlara ya getməsin, ya da bunun neqativ təsirlərinə qarşı mübarizə tədbirləri həyata keçirilsin. Digər yandan, ötən əsrin 90-ci illərinin sonlarında özəlləşdirmə çekləri almış vətəndaşların sosial mediada hərəkat yaratması, ziyalıların tədavül müddətinin artırılması ilə bağlı çağırışları mülkiyyət hüquqları məsələsini də gündəmə gətirdi. Hesab edirəm ki, 2022-ci ildə vətəndaşların sosial rifah halının yüksəldilməsi istiqamətində daha ciddi addımlar atılmalıdır və ümid edirəm ki, biz buna şahid olacağıq”.
Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolundan danışan siyasi şərhçi İlyas Hüseynov 2021-ci ildə ölkəmizin beynəlxalq miqyasda rolunun daha da gücləndiyini deyib: “11 yanvar tarixində Moskvada üçtərəfli işçi qrupunun formalaşması, qrupun bölgədə nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunmasına yönəlik fəaliyyəti, 10-a yaxın onlayn və fiziki görüşlərin baş tutması, tarixi zəfərin daha geniş formada dünya ictimaiyyətinə bəyan olunması, Füzuli Beynəlxalq Hava Limanının inşa edilməsi, iki beynəlxalq statuslu digər hava limanlarının tikilməsi, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla əlaqənin təmin olunması məqsədilə avtomobil və dəmir yolları xətlərinin çəkilməsi müsbət məqamlardır. Yeganə həll olunmamış məsələ avtomobil yolunun marşrutunun müəyyənləşdirilməməsidir ki, cari ildə bu məsələyə də aydınlıq gələcəyi və yekun vurulacağı gözlənilir”.
Həmsöhbətimizin xatırlatdığı kimi, yola saldığımız il ərzində Azərbaycan və Ermənistan rəhbərləri arasında dörd görüş keçirildi ki, bu görüşlərdə bölgədə təhlükəsizliyin qorunması, eskalasiya riskinin minimuma endirilməsi, tərəflər arasında siyasi dialoqun aparılması, etimad mühitinin formalaşdırılması ciddi müzakirə mövzusu oldu: “Azərbaycan diplomatiyası həm də beynəlxalq təşkilatlar sahəsində öz fəaliyyətini genişləndirdi”.
“İlin sonunda Prezident İlham Əliyevin həm Avropa İttifaqı, həm də NATO kontekstində görüşləri baş tutdu. Bu görüşlərdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində hüquqi sənədlər qəbul edildi. Regional miqyasda ölkəmizin nüfuzu və gücü daha da artdı. Məhz bunun göstəricisidir ki, regionda Azərbaycana olan diqqət və maraq da xeyli yüksəlib. Çevik diplomatik fəaliyyət İranla münasibətlərin də tənzimlənməsinə səbəb oldu”, – deyə ekspert söyləyib.
Hüseynovun sözlərinə görə, Azərbaycan, Türkmənistan və İran arasında imzalanan qaz sazişi də ilin mühüm hadisələri sırasında yer alır: “Bütün bunlar Azərbaycanın tranzit potensialını gücləndirir, regional layihələrin “Bir kəmər-bir yol” marşrutu üzrə həyata keçirilməsinə zəmin yaradır. Bununla da Azərbaycan öz strateji imkanlarından istifadə etməklə, bölgənin karbohidrogen və nəqliyyat habına çevrilməsi hədəfini ortaya qoydu. Bu, çox önəmli məsələdir. Həm Zəngəzur dəhlizi, həm neft və qaz kəmərləri, həm də beynəlxalq yükdaşımalarda ölkəmizin artan rolu nəzərə çarpmaqdadır. “3+3” formatı ilə bağlı müzakirələr də ölkəmizin qarşısında yeni imkanlar açır”.