Ağstafa Rayon Prokurorluğu rayon ərazisində baş verən qətllə bağlı məlumat yayıb.
Arazmedia.az xəbər verir ki, məlumatda deyilir:
“Dekabrın 14-ü saat 20 radələrində Ağstafa rayonu Köçəsgər kənd sakini 2001-ci il təvəllüdlü Çingiz Vəlizadənin bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla Köçəsgər kənd sakini, 1998-ci il təvəllüdlü Əli Əsgərovun yaşadıqları kəndin ərazisindən keçən su kanalının yaxınlığında dayısı oğlu Çingiz Vəlizadə ilə şəxsi münasibətlər zəminində aralarına yaranan mübahisə zamanı bıçaqla sonuncuya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Əli Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.