Argentinanın futbol üzrə yığması 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının finalında iştirakını təmin edib.
Arazmedia.az-ın məlumatına görə, bu, Cənubi Amerika seçmə turnirinin XIV turunun oyunlarından sonra məlum olub.
Argentinalılar Braziliya yığması ilə heç-heçə (0:0) ediblər, Boliviya yığması Uruqvay seçməsini (3:0), Peru millisi Venesuelanı (2:1), Ekvador Çilini (2:0) məğlub edib. Kolumbiyalılarla paraqvaylılar arasında keçirilən oyun 0:0 hesabı ilə başa çatıb.
Cənubi Amerika seçmə turnirinin nəticələrinə görə, ən yaxşı dörd komanda dünya çempionatının final mərhələsinə yüksələcək, beşinci yeri tutan komanda digər konfederasiyaların nümayəndələri ilə pley-offda iştirak edəcək. Argentina yığması qrupda 13 oyunda 29 xalla qrupda ikinci, Ekvador (23 xal) üçüncüdür. Dördüncü və beşinci yerləri tutan kolumbiyalılar və perulular (hər iki yığma 17 xal toplayıb) hərəyə 14 görüş keçiriblər və növbəti mərhələdə bir-biri ilə qarşılaşacaqlar. Beləliklə, argentinalılar qrupda dördüncü pillədən aşağı düşməyəcək.
2022-ci ilin dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Belçika, Braziliya, Almaniya, İspaniya, Serbiya, Fransa, Xorvatiya, İsveçrə, Danimarka, İngiltərə, Niderland komandaları da turnirin final hissəsinə vəsiqə qazanıblar. Qətər millisi dünya çempionatında turnirin ev sahibi kimi iştirak edəcək.