Avqustun 6-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 302 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, monitorinq 242 şadlıq sarayında, 60 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
– 68 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
– 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;
– 2397 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.