8 oktyabr 2026-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev Qızıldaş qəsəbəsində sakinlərlə görüşüb və vətəndaşların səyyar qəbulunu keçirib.
Arazmedia.az xəbər verir ki, Qəsəbəyə gələn rayon icra hakimiyyətinin başçısı Natiq Əliyev Qızıldaş qəsəbəsində yerləşən şəhid məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri düzüb.
150-yə yaxın sakinin iştirak etdiyi səyyar qəbulda çıxış edən RİH başçısı Natiq Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətindən danışıb. Vətəndaşların müraciətlərinin dinlənilməsinin, yaşayış məntəqələrində mövcud problemlərin öyrənilməsinin və həlli istiqamətində iş aparılmasının əhəmiyyətini vurğulayıb. Qəbul zamanı vətəndaşların müraciəti fərdi qaydada dinlənilib. Qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə müzakirələr aparılıb, həlli mümkün olan müraciətlər dərhal həllini tapıb.
Digər məsələlərin icrası ilə bağlı isə müvafiq qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilib. Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev qeyd edib ki, hər bir müraciət diqqətlə araşdırılacaq və onların həlli istiqamətində zəruri tədbirlər görüləcəkdir.
Qəsəbə sakinləri dövlət başçısının əhalinin rifahına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib, problemlərin həllinə yönəlmiş tədbirlərdən razılıqlarını ifadə ediblər.



