Qaradağ rayonunda 01 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib.
Arazmedia.az xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev, Qaradağ rayon prokuroru Fərid Nağıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon prokurorluğunun əməkdaşları və Qaradağ Rayon İcra Hakimiyyətinin kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.
Natiq Əliyev prokurorluq orqanlarının dövlətçilik prinsiplərinin və qanunun aliliyinin təmin olunmasında mühüm rol oynadığını qeyd edib. Bildirib ki, prokurorluq əməkdaşlarının üzərinə düşən əsas vəzifələrdən biri qanunçuluğun qorunması, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkili və ictimai təhlükəsizliyin təmin edilməsinə töhfə verməkdir.
Azərbaycan Prokurorluğu zəngin və şərəfli inkişaf yolu keçərək müasir dövrün tələblərinə uyğun formalaşıb. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və prokurorluq sisteminin inkişafı istiqamətində mühüm işlər həyata keçirilib. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması və onların sosial təminatının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
Tədbirdə çıxış edən Qaradağ rayon prokuroru Fərid Nağıyev prokurorluq orqanlarının qanunçuluğun möhkəmləndirilməsi və vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətindən bəhs edib.
Tədbirdə rayon prokurorluğunun fəaliyyəti ilə bağlı fikirlər səsləndirilib, əməkdaşların peşə fəaliyyətində göstərdikləri xidmətlər yüksək qiymətləndirilib.
Sonda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən bir sıra prokurorluq əməkdaşlarına fəxri fərman və hədiyyələr təqdim olunub.




