
Naxçıvan rəhbərliyi dəyişdiriləndə insanlarda belə təsəvvür yarandı, qəlblərdə ümid doğdu ki, Vasif Talıbovdan sonra Muxtar Respublika “ağ” günə çıxacaq, işsizlik aradan “qalxacaq”, azad sahibkarlığa maneçiliklər aradan qaldırılacaq və sairə.
Lakin heç kimin ağlına gəlməzdi ki, vəziyyət daha da gərgin, dözülməz həddə çatacaq. İndi həmin vəziyyəti gözünüzdə canlandırmağa çalışacağıq. Azərbaycan hökuməti vətəndaşların normal yaşamaları üçün sosialyönlü bir çox addımlar atır. Bu danılmaz faktdır. Əyani bir misal göstərək.
“Özünüməşğulluğa cəlb etmə” proqramı çərçivəsində dövlət tərəfindən müəyyən işlər görülür. Bildiyiniz kimi yoxsullara mal-heyvan, arı ailələri, müxtəlif işlərlə məşğul olmaq üçün avadanlıqlar və ilaxır qarşılıqsız verilir ki, dolanışıq qursunlar, normal yaşasınlar.
Redaksiyamıza 1 qrup müharibə əlili Faiq Firdovsi oğlu Quliyev müraciət etmişdir ki, onun şikayətini mətbuat vasitəsi ilə Azərbaycan rəhbərliyinə-Prezidentə və Birinci vitse-prezidentə çatdıraq. Vətəndaş düşünür ki, onlar bütün bu özbaşınalıqlardan xəbərsizdirlər.
Əks-təqdirdə Naxçıvan və Şahbuz rəhbərlərini cəzalandırar, bədxahların yoxsul və haqlı vətəndaşları əzmələrinə qəti imkan verməzdilər!
Məsələ ondan ibarətdir ki, həmin müharibə əlilinin Naxçıvanın Şahbuz rayonunun Qarababa kəndində, ata evi vardır.
Şahbuzda yol “islahatları” dönəmində həyətin yuxarı və aşağı hissələrində təxminən, 5 sot sot torpaq dövlət tərəfindən əsassız olaraq zorla alınmış, həyətdə olan təndir damı, tövlə və başqa tikililər vətəndaşa bir manat da kompensasiya ödənilmədən sökülərək, darmadağın edilmişdir.
Bu dövrdə yaşamaq çətin olduğuna görə, Faiq Quliyevin ailəsi Şahbuz məşğulluq idarəsindən mal-heyvan və arı təsərrüfatı istəmişdir. Onlara birmənalı olaraq, yox cavabı verilmişdir ki, sən xəstəsən, təsərrüfat saxlaya bilməzsən. Yaxşı deyək ki, məmur vətəndaşın halına “yanır”, əziyyət çəkməsini istəmir…
Nə olar? “İnsanlıq ölməyib ki” deyək.
Halbuki, barmağı yalandan cızılanlara hektarlarla yerlər verilir. l qrup müharibə əlili isə canlı Şəhiddir. Ona atılan güllə, başına deyil, ürəyinə dəysəydi, indi o, da Şəhidlik zirvəsinə yüksəlmişdi…
Bəs bu halda nə etməlidir vətəndaş? Nece yaşamalıdır? Əlil ailəsi bu halda öz şəxsi həyətlərində, böyük ailələrini yaşatmaq üçün, dükan tikmək qərarına gəlir. Buna da Şahbuz İcra Hakimiyyəti qəti şəkildə olmaz deyir. Guya ki, yoldan 30 metr aralı olmalıdır obyekt, dükan.
Amma Şahbuz rəhbərliyinin bu addımı da absurd və qanunsuzdur.
Əvvəla, vətəndaş yanacaqdoldurma obyekti tikmir ki, təhlükəli ola.
ikinci tərəfdən isə Şahbuzda heç bir dükan yoldan 30 metr kənarda tikilməyib. Elə Naxçıvan şəhərinin özündə də, dükanları yoldan iki metr eni olan piyada səkiləri ayırır.
Deməli, “qarnının sancısı” başqa bir şeydir Rəfayel Babayevin.
Belə çıxır ki, millət acından ölməli, Şahbuzun başçısı Rəfayıl isə, hər gün hansı yollarlasa var-dövlətini artırmalıdır? Məgər prezident hər gün demir ki, heç kim, heç kimdən artıq deyil bu dövlətdə?
İddialara görə, başçının Şahbuzun ucqar, gözəl Kükü kəndində, Almalıq deyilən ərazidə çox möhtəşəm villaları vardır. Allah bilir ki, məşhur, füsunkar Batabat yaylağında başçı Rəfayılın daha nələri var? Necə olur müharibə əlili doğulub boya-başa çatdığı öz doğma ata həyətində dükan tikə bilmir, ona icazə verilmir, Amma naşçı Şahbuzun ən gözəl, ən dilbər guşələrində özünə villalar tikdirir? Bu necə olur? Nə üçün bu özbaşınalığı prezident İlham Əliyevə çatdırmırlar? Bəs, prezidentin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəsi nə üçün, buna göz yumur? Ali Məclis hara baxır? Nə üçün səlahiyyətli nümayəndə və Ali Məclis rəhbərliyi bu barədə prezidentə məruzə etmirlər?
Qeyd edək ki, Azərbaycan Milli Məclisindən də, Naxçıvan Ali Məclisinə sözügedən məsələ ilə əlaqədar müraciət daxil olub. Xəbər çıxmadığı üçün vətəndaş Azərbaycanı saymadıqlarını güman edir!
Sonda müharibə əlili bildirir ki, ya Azərbaycan rəhbərliyi onun şəxsi həyətində ona, dükan tikməyə müvafiq imkan yaratsın, ya da onu ailələlikcə vətəndaşlıqdan çıxarsın!
“Araz Media” Qrupu