Braziliya millisinin üzvü Neymar əfsanəvi futbolçu Pelenin vəfatı ilə əlaqədar təsirli paylaşım edib.
Arazmedia.az xəbər verir ki, paylaşım futbolçunun sosial media hesabında yayılıb.
“Peledən əvvəl “10” sadəcə bir rəqəm idi. Bu ifadəni həyatımın bir yerində, haradasa oxumuşdum. Amma bu gözəl ifadə yarımçıqdır. Peledən əvvəl deyərdim ki, futbol sadəcə idmandır. Pele hər şeyi dəyişdi. Futbolu sənətə, əyləncəyə çevirdi”, – deyə o qeyd edib.
Neymar bildirib ki, Pele kasıbların, qaradərili insanların səsi olub, Braziliyaya görünmə imkanı verib.
“Futbol və Braziliya kral sayəsində statuslarını yüksəltdi! O getdi, amma sehri qalacaq. Pele əbədidir” – paylaşımda deyilir.
Qeyd edək ki, Pele San-Pauludakı Albert Eynşteyn klinikasında dünyasını dəyişib. 82 yaşlı əfsanəvi futbolçu ötən ildən bəri xərçəng xəstəliyi ilə mübarizə aparırdı.