Konqo Demokratik Respublikasının şərqindəki Şimali Kivu əyalətinin Rutşuru bölgəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) helikopteri vurulub.
Arazmedia.az xəbər verir ki, Konqo ordusundan verilən açıqlamada, helikopterin ölkənin şərqində 23 Mart Hərəkatı (M23) adlı üsyançı qrup tərəfindən vurulduğu bildirilib.
Açıqlamada qəzaya uğrayan helikopterdən sağ qalanlar üçün axtarış-xilasetmə əməliyyatına başlanıldığı bildirilib. Həmçinin M23-ün dünən Tchanzu, Runyonyi, Ndiza və Tçengerero da daxil olmaqla bir neçə kəndə hücum etdiyi bildirilib.
BMT Baş katibinin sözçüsü Stefan Dujarrik mətbuat konfransında verdiyi açıqlamada Eurocopter AS332 Super Puma tipli helikopterdə 6 Pakistan, 1 Rusiya və 1 Serb personalının olduğunu bildirib və helikopterin bölgədəki vəziyyəti izləmək üçün orada olduğunu təsdiqləyib. Dujarrik helikopterin qəzaya uğramasının səbəbini açıqlamasa da, səbirli olmağa çağırıb.