DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

ƏKİZ QARDAŞLARIN ÖMÜR VƏ DÖYÜŞ YOLLARI

7 dəqiqəyə oxunur

Şəhidlərin nəfəslərinin bitdiyi yerdən başlayar ölümsüzlükləri. Donub qalan bir ömrün davamı əbədi dünyanın cənnətində başlayır. Bu dünyada qısa ömür yaşayıb şərəfin, mənəviyyatın izahını qanla yazıb, dünyadan köçənlərin qanının damladığı, cisminin qarışdığı torpaqdan başlayır vətən sevgisinin izahı. Bu sevginin bədəli ömürdü. Şəhid ömrü.
Aqilin də ömür yolu çox şəhidlərin ömür yolu kimi qısa lakin şərəflidir. Ömür yoluna ilk qədəmi 3 aprel 1998-ci ildə qoymuşdu Aqil. Onun yol yoldaşı isə əkiz qardaşı Azad olmuşdu. Bir bətndə can tapan qardaşlar həm zahiri görünüşləri, həm də daxili aləmləri ilə bir-birindən fərqlənmişdilər. Aqil daha şən, çılğın, biraz da dəcəl uşaq olmuşdu. Azad və Aqil 6 övladlı ailənin son beşik əkiz övladları olmuşdular. Qardaşlar 2005-ci ildə Tovuz rayon N. Tusi adına təbiət və texniki təmayüllü məktəb – liseydə təhsil almağa başlamışlar. VI sinfi bitirdikdən sonra Tovuz rayon A. S. Puşkin adına tam orta məktəbdə təhsillərini davam etdirmişdilər. Qardaşlar həyat yollarında bütün addımları bərabər atmışdılar. Universitet yollarına qədər. Qardaşların yolları universitetə girdikləri zaman ayrılmışdı. Uşaqlıqdan hərbçi olmaq arzusunda olan Aqil yüksək balla Azərbaycan Ali Hərbi Məktəbinə, Azad isə Azərbaycan Dövlət Aqrar Unversitetinə qəbul olmuşdu. Aqil 2016-cı ildə AAHM – ə gedən zaman bu sözləri yazmışdı:
– Hərbidə yüksək maaş ola bilər. Amma mən hərbiyə karyera və ya biznes qurnaq üçün getmirəm. Savadlı hərbi qulluqçu olmaq üçün gedirəm. Hərbi həyat tərzidir. 10:00 – dan etibarən həyat tərzim yaxşılığa doğru dəyişəcək. Allah amanında…
Aqil bu peşəyə vurğun idi. Canı ilə, qanı ilə bu vətənə sipər durub, məlhəm olmağa hər an hazır idi. İllərlə Ali Baş Komandanın əmr verməsini səbirsizliklə gözləmişdi. Döyüşə gedərkən də bu arzusunu yazıb paylaşıb getmişdi.
Aqil 2020-ci ilin iyununda Azərbaycan Ali Hərbi Məktəbini leytenant hərbi rütbəsi ilə başa vurmuş və Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə taqım komandiri kimi xidmətə başlamışdı. Atası onun yerini dəyişmək istəsə də Aqil razılaşmamışdı. O, hər zaman ön cəbhədə olmaq və düşmənin gözlərinə dik baxmaq istəmişdi. Azad isə universiteti başa vurduqdan sonra iyul ayında həqiqi hərbi xidmətə yollanmışdı. O da Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə xidmət etmişdi. Qardaşlar eyni rayonda fərqli hərbi hissələrdə vətən keşiyini çəkmişdilər.
27 sentyabrda II Qarabağ müharibəsi başlayan ilk andan Azad artileriyaçı kimi, Aqil tankçı kimi döyüşə atılıblar. Füzuli rayonunun Qaraxanbəyli kəndi ərazisində gedən döyüşlərdə hər iki qəhrəman şücaət göstərib. 27 sentyabrda Aqil doğmalarına mesaj yazaraq sağ salamat olduğunu bildirib. Azaddan isə heç bir məlumat almaq mümkün olmayıb. Sentyabrın 28-də Aqil doğmalarına zəng edib. Hər şeyin qaydasında olduğunu deyib. Bacısı Gülüstana dua etməsini deyib. O andan bacı dayanmadan dua edib. Saat 16:00 – da sanki onu hansısa bir qüvvə saxlayıb. Sən demə həmin vaxtlarda Aqilin də içində olduğu tank düşmənin minamyot atəşinə tuş gəlib. Tankın içinə düşən minamyotun qəlpəsi Aqili ağır şəkildə yaralayıb. Tank alışmağa başlamadan digər əsgərlər Aqili çıxarıblar. Lakin tankın içərisində yanaraq can verən şəhidlər də olub. Aqil silahdaşlarının müdaxiləsinə baxmayaraq həyata tutuna bilməyib. Son nəfəsində su istəsə də onun nəfəsi suyu içməyə çatmayıb. 28 sentyabr Aqil Vətən müharibəsi şəhidi kimi gözlərini həyata əbədi yumub.
Ailə döyüşdə olan heç bir oğlundan xəbər ala bilməyib. Müharibə bu ailəyə tanış idi. Qısa zaman öncə ailənin böyük oğlu Elşad Tovuz döyüşlərində iştirak etmişdi. Hər 3 oğul vətən sevdalı idilər. Müharibənin nə demək olduğunu bilən ailəni bu səssizlik qorxutsa da sabaha Günəşlə bərabər ümidin doğmasını arzu ediblər. Lakin o Günəş, o ümid bir daha doğmayıb. Qonşuların bilib ailədən gizlətdikləri o xəbər gecə saat 02:00-da ailəyə verilib. Hərbi komissarlıqdan gələn hərbçi və polis Aqilin şəhid olduğunu və sübh səhər nəşinin gətiriləcəyini deyiblər. Həmin an gecənin sükutun, göylərin bağrın Hicran ananın fəryadı yarıb. O gecə ərşə qalxan ana naləsindən cahan lərzəyə gəlib. O gecənin açılmayan səhərini Aqilin şəhid tabutu nurlandırıb.
Həmin gün komandiri Azada bir kağız uzadıb minməli olduğu maşını göstərib. Lakin gedəcəyi ünvanın hara olduğunu deməyib. Azad da kağıza baxmayıb. Biraz yol getdikdən sonra Azad getdiyi istiqamətin döyüş zonası olmadığını, əksinə maşının Füzulidən çıxdığını görüb. Həmin an cibindən kağızı çıxarıb oxuyanda məzuniyyət icazəsi olduğunu görüb. Azad döyüş zamanı verilən bu məzuniyyətin əslində xeyirə əlamət olmadığının fərqində idi. Yol boyu “Elşad yoxsa Azad?” deyə suallar onun ürəyini didib, parçalayıb. Kimə zəng etsə də heç kim həqiqəti deməyə cəsarət etməyib. Mənzil başına çatan zaman bacadan asılan bayrağı gördüyündə artıq bu evdə bir şəhid cənazəsinin olduğunu bilib. Ancaq kim? Elşad yoxsa Azad? Həmin an Elşada gözü sataşan Aqil evinin şəhid qonağının Azad olduğunu bilib.
İki əkiz qardaş, iki sirdaş, iki hərbçi. Biri bayrağı köksünə sıxıb, birinin tabutunun üzərini “bəzəyib”. Qardaşını deyil qardaş tabutunu bağrına basan Azad hər kəsi göz yaşlarına qərq edib. Bir zamanlar bir bətndə var olan, həyatda qoşa addımlayan qardaşlar son dəfə eyni yolu gediblər. Ancaq bu dəfə Aqil Azadın çiyinlərində son yolun yolçusu kimi irəliləyib. 29 sentyabrda Tovuz rayon Tatlar kənd məzarlığında bir məzar bir ömrün bitiş nöqtəsinin ünvanı olub.
Aqil cisminin dünyadan köçdüyü 4-cü gün varlığını yuxuda anasına hiss etdirib. Ana yuxuda “Aqil, cavan-cavan uşaqlar şəhid oldu.” deyib. Aqil isə cavabında “Ana, onlar doğulandan şəhiddirlər.” deyib. Yuxuda duyulan həmin qoxunu Çimnaz ana oyanarkəndə duyub. Həmin an Aqilin ruhunun onun yanında olduğunu hiss edib.
Bir zamanlar oxuduğu kitablardan yiyələndiyi biliklərlə natiq bir gənc kimi tanınardı. İndi yazdığı qəhrəmanlıq dastanı ilə şəhid kimi tanınır Aqil.
Leytenant Məcidov Aqil Aydın oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhadətindən sonra “Vətən uğrunda” medalı, “İgidliyə görə” medalı və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Azad Aqilin qisasını döyüş meydanında almaq üçün təkrar döyüşlərə qatılıb. Əsgər Məcidov Azad Aydın oğlu göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə” Füzulinin azad olunmasına görə” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı, “Zəngilanın azad olunmasına görə” medalı, “Qubadlının azad olunmasına görə” medalı və “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.
Aqil bu ailənin son şəhidi olmayıb. Aqilin qohumu Elməddin də vətən həsrəti bitdikdən sonra şəhadətə ucalıb. Vətən müharibəsi bitəndən sonra 2021-ci il iyunun 16-da azad olunan ərazidə möhkəmlənmə işləri aparan Azərbaycan Ordusunun zabiti baş leytenant Nəsibov Elməddin Süleyman oğlu Laçın rayonunun Cicimli kəndində xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzası nəticəsində şəhid olub.

ŞƏHİD AQİL
Sən şəhid olmadın, şəhid doğuldun,
Yaralı vətənin qoynuna, Aqil.
Qəlbində var olan vətən həsrətin,
Böyüdü ömrünə yetişən hər il.

Qəlbinin həsrətin bitirmək üçün,
Qürurla daşıdın hərbçi peşəsin.
İllərlə sükutda qalan Qarabağ,
Sayəndə eşitdi zəfər nəğməsin.

Vətənin yükünü tək daşımırdın,
Sənin dayağındı əkiz qardaşın.
Sən vətən qurbanı olduğun gündən,
Qardaşın itirib dostun, sirdaşın.

Hər kəs yoxluğunun acısın çəkir,
Azadsa dünyada sanki kəm qalıb.
Bir ana bətnində birgə can tapdız,
Daş məzar araya ayrılıq salıb.

Sən gedən o gündən sevinclə gəlmir,
Nə gələn yeni yaş, nə də ki, illər.
Elə bil sən gedən payız kimidir,
Həsrətlə dövr edən bütün fəsillər.

MANYA SƏXAVƏTQIZI