44 günlük müharibənin hər günü növbəti ərazilərimizin işğaldan azad olunması ilə yekunlaşırdı. 44 günün hər günü ordumuz şanlı tarix yazırdı. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın.
Azərbaycan Ordusu və Azərbaycan xalqı bu müharibənin qələbə ilə bitəcəyinə əmin idilər. Elə buna görə də, xalqımız sonadək həm Ali Baş Komandanın həm də ordunun arxasında idi. Artıq Azərbaycan xalqının 30 illik haqsızlığa dözmək fikri yox idi. Var qüvvəsi ilə döyüşə atılan hərbçilərimiz erməni silahlı qüvvələrinin üzərinə yürüyürdü. 30 il əvvəl öz torpaqlarından kiçik yaşda çıxan uşaqlar indi tank üzərində döyüşə yollandılar.
Ermənistan silahlı qüvvələrini məhv edən ordumuz qələbəni təmin edərək işğalçıları torpaqlarımızdan qovdu. Döyüş vaxtı on minlərlə fərarisi olan Ermənistan ordusu tamamilə darmadağın edildi.
Beləliklə, Azərbaycan Ermənistanı məğlub etdi, işğala son qoydu.
Arazmedia.az