![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2021/10/image_2021-10-12_194314.png?resize=620%2C440&ssl=1)
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan Azərbaycanın yeniyetmə idmançısı Qacar Mirzə Dubayda təşkil olunan “Muay Tay Gənclər Çempionatı”nın qızıl medalını qazanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, turnirdə ümumilikdə 5 döyüş keçirən 15 yaşlı idmançı bütün görüşlərdə müvəffəqiyyətlə çıxış edərək, rəqiblərinə qalib gəlib.
Qeyd edək ki, Qacar Mirzə 2006-cı il mayın 11-də Bakıda anadan olub. Kiçik yaşlarından idmanın üzgüçülük, güləş və taekvondo növləri ilə məşğul olan idmançı valideynlərinin işi ilə əlaqədar 10 yaşında BƏƏ-yə köçüb. Mirzə orada “Tiger kickboxing” klubuna daxil olaraq, muay tay və kikboksinq idman növləri ilə məşğul olmağa üstünlük verib. Dəfələrlə yarışlarda iştirak edən idmançı 2019-cu ildə kecirilən “Muay Tay Gənclər Çempionatında” gümüş medal qazanıb.