Fox TV-də yayımlanan “Umudun olsun” verilişinin aparıcısı Fulya Öztürk həmkarı Fatih Portakalın barəsində yazdığı tvitə cavab verib.
Arazmedia.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bundan sonra Portakalla Fulyanın arasında qarşıdurma yaranıb. Belə ki, Fatih canlı yayımda Cəlal Bilin adlı şəxsin həyat yoldaşı olduğunu iddia etdiyi qadının intim görüntülü videosuna baxmasını tənqid edib.
O, bununla əlaqədar Tvitterdə yazıb:
“Bu və buna bənzəyənlərə veriliş deyilməməlidir. Sadəcə reytinq məqsədli mənasız, iyrənc məzmun. Belə mövzulara icazə verənlərdədir günah. “Xalq bunu izləyir, istəyir” demək prinsipial deyil”.
Fatih Portakalın sözlərinə Fulyanın reaksiyası gecikməyib. Öztürkün qeyd edilən tvitə reaksiyası sərt olub:
“Niyə, niyə çörək yediyiniz yerə söz deyirsiniz? Bax, CNN Türk kanalından gəlmişəm. 15 ilimi verdim. Oradan şərəf və sevgi ilə ayrıldım. Bir gün CNN Türk haqqında danışsam, məndən qorxun. Çünki çörək yediyim yerdən danışıramsa, sabah buradan da danışacam. Bu, insanın duruşudur, xarakterdir”.
Qeyd edək ki, tanınmış jurnalist Fatih Portakal Fox TV-dən ötən ilin avqust ayında ayrılmışdı.