DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!

Cəmiyyət

ŞƏHİD KAMRAN

2 dəqiqəyə oxunur

14 sentyabr Lənkəran şəhəri Liman qəsəbəsindən olan Vətən müharibəsi qəhrəmanı Vəlizadə Kamran Əkbər oğlunun mövludu münasibətilə anım mərasimi keçirilib. Anım günündə Lənkəran şəhər icra hakimiyyətinin nümayəndələri, kənd axundları, şəhid ailələri, kənd camaatı və şairə Manya Səxavətqızı iştirak edib. Hər zaman özünə şəhidlik arzu edən, yaralı halda üç gün döyüş meydanında qalan, ömrünün son anında vida məktubu yazaraq özündən miras bir məktub, bir də azad vətən qoyub gedən Kamranın ölümsüzlüyü heç kimə sirr deyil. Əbədiyaşar qəhrəmanımızı rəhmətlə anır, ailəsinə səbr diləyirik. Ruhun şad olsun, şəhidim. Fani dünyada 25 yaşın, əbədiyyətdə ilk yaşın mübarək vətənə can verən qəhrəman.

Nuruna qərq olub bütün bu cahan,
Cənnətdi şəhidim, əbədi dünyan.
Adınla qürur və fəxarət duyur,
İgidlər oylağı olan Lənkəran.

Sən tarix yazmısan öz qanın ilə,
Adın, şücaətin əzbərdi dilə.
Bir zaman bir evin oğul payıydın,
Kamran, oğul oldun vətənə, elə.

Vətən savaşını qalib bitirdin,
Sən də vətən üçün canını verdin.
Üç gün torpaq üstə axan qanınla,
Sağaltdın vətənin sən işğal dərdin.

O üç gün bəlkə də illərə döndü,
Anbaan ümidlər gözündə söndü.
Kim bilir ömrünün sonuncu anı,
Gözünün önündə kimlər göründü?!

Ana istədinmi, yoxsa ki, ata,
Bəlkə dedin bacın son ana çata.
Son cümlələrini qələmə alıb,
Əbədi göz yumdun sən bu həyata.

Günlərlə sükutun ürək dağladı,
Doğmalar adını hey soraqladı.
“Başınız sağ olsun Kamran şəhiddi.”
Sözləri ümidə qapı bağladı.

O gündən həsrətdi qəlblərə yoldaş,
Anan oğul gəzir, bacınsa qardaş.
Atan dayağını itirib daha,
Sənin məzarındı atana sirdaş.

İlk dəfə dünyaya göz açdığın gün,
Qəlbdən sevinc itib, çırpınır üzgün.
Allah ölümsüzlük yazdı bəxtinə,
Bu fani dünyadan şəhid tək köçdün.


Müəllif :MANYA SƏXAVƏTQIZI