Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında Azərbaycan komandası daha iki qızıl medal qazanıb.
Arazmedia.az xəbər verir ki, stend atıcılığının dairəvi növündə Cavid Həsənov bütün rəqiblərini qabaqlayaraq çempion olub. Komandamızın aktivinə daha bir qızıl medalı isə samboçumuz Toğrul Salmanov (+98 kq) yazdırıb. Samboçumuz əzmlə mübarizə apararaq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Digər samboçumuz Rəsul Aydəmirov (98 kq) isə yalnız finalda uduzaraq gümüş medal əldə edib.
Bununla da Azərbaycan komandası birinci MDB Oyunlarında qazandığı medalların sayını 32-yə çatdırıb. Medallardan 11-i qızıl, 6-sı gümüş, 15-i bürüncdür.
Xatırladaq ki, sentyabrın 11-dək davam edəcək Oyunlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. Komandamız badminton (8 idmançı), basketbol (4), boks (8), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9), muaytay (tayboks, 6) idman növlərində mübarizə aparır.