“COVID-19 virusu infarkt və ürək ritminin pozulmasına səbəb olur”.
Arazmedia.az- ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımda Nazirliyin mütəxəssisi dosent, invaziv kardioloq Qalib İmanov bildirib.
Onun sözlərinə görə, koronavirusa yoluxma zamanı süni tənəffüs aparatına qoşulma, hətta ölüm riski ən çox ürək-damarla bağlı ağırlaşmada olur: “Bu, hətta ürək xəstəliyi olmayanlarda belə ola bilər. Ona görə də xüsusilə ürək xəstələri virusun ilk simptomlarını hiss etdikdə kardioloqla məsləhət etməlidir”.
Həklim bildirib ki, dünyada statistikaya görə ürək xəstəliyindən ölüm ölümlər sırasında ilk yerdə tutur: “Koronavirus isə bu riski daha da artırır. Bunun üçün vaksin olunmaq, maska taxmaq, məsafə saxlamaq lazımdır. Ürək-damar xəstələri mütləq şəkildə vaksin olunsunlar, vurdurmamaq üçün heç bir bəhanə axtarmasınlar. Vaksinə də dərman kimi baxsaq, yan təsirləri var, amma bunun yan təsirləri COVID-in yaradacağı təsirlərdən qat-qat azdır. Açıq ürək əməliyyatı edənlər, ürəyinə stend qoyulanlar, təzyiq xəstələri, ürəklə bağlı istənilən xəstəliyi olanlar mütləq vaksin olunmalıdır. Ağır ürək çatışmazlığı olan xəstələrinin öz istifadə etdikləri dərman da çoxdur, virusa yoluxanda da çoxlu sayda dərman olur, bu isə riski çox artırır. Ona görə də koronavirusa yoluxma baxımından ən çox ağırlaşma ağır ürək çatışmazlığı olanlarda olur”.
Onun sözlərinə görə, bir otaqda iki nəfər varsa, mütləq şəkildə maska taxılmalıdır: “Maska taxılmadığı müddətdə 15 dəqiqə ərzində virusa yoluxdurma 100 faizdir, hər iki şəxs maska taxdığı halda isə virusa yoluxmaqdan 95 faiz qoruya bilir”.