Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu müəllimlərin işə qəbul imtahanında 60 suala cavab vermək üçün 90 dəqiqə vaxtın az olmağı ilə bağlı şikayətlərə münasibət bildirib.
Arazmedia.az-ın məlumatına görə, Vəfa Yaqublu bildirib ki, 10 il əvvəl bizim məktəblilərlə xarici məktəblilərin oxu sürəti yoxlanılıb:
“Məlum olub ki, bizdə oxu sürəti kifayət qədər aşağıdır, bir də oxuyub anlama məsələsi də var. Buna görə belə fikirlər olur ki, bu səbəbdən daha çox vaxt lazımdır. Amma dünyada qəbul olunmuş standartlar var, biz işi sürətli görməyi bacarmalıyıq”.
İmtahanda səhv sual ola biləcəyi məsələsinə gəldikdə, Təhsil İnstitutunun Mərkəz rəhbəri Nəzakət Mehdiyeva bildirib ki, səhv sual, hər hansı texniki problem və ya diqqətdən qaçan məsələ ola bilər:
“Amma bu məsələr apellyasiya dövründə aşkar olunur və həmin namizədə bu barədə məlumat verilir”.