İyunun 17-də Bakıda Azərbaycan və Rusiya arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məsləhətləşmələri xarici işlər nazirinin müavini və Azərbaycanın Xəzər dənizi və sərhəd məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov və Rusiya xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Rusiya Dövlət Sərhəd Xidmətinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi Mixail Petrakov aparıb.
“Tərəflər Xəzərin hüquqi statusuna dair Konvensiyanın tətbiqi, növbəti Xəzər sammitinə hazırlıq, həmçinin Xəzəryanı ölkələr arasında bu sahədə əməkdaşlığa dair sazişlərin layihələrini müzakirə ediblər,” məlumatda bildirilir.
1992-ci ildən Xəzərin hüquqi statusu barədə konvensiya ilə bağlı sahil dövlətlərinin ikitərəfli və çoxtərəfli görüşləri başlayıb.
1998-ci ilin iyulunda Moskvada Rusiya ilə Qazaxıstan arasında “Xəzərin Şimal hissəsinin dibinin bölünməsinə dair Birgə Saziş” imzalanıb.2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında “Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi” haqqında üçtərəfli saziş imzalanıb və tərəflər Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atıb. Üçtərəfli sazişə görə, orta xətt üzrə Xəzərin dibinin 18,7 faizi Rusiyanın, 19,5 faizi Azərbaycanın, 29,6 faizi Qazaxıstanın nəzarətində qalır.
Həmçinin baxın:
COP29 beynəlxalq tədbiri Azərbaycana nələr vəd edir?
PSJ 50 ildir ev oyunlarını keçirdiyi stadionu tərk edir
DÇ-2026: Çempionluq şansı ən yüksək olan yığmalar açıqlandı
Bundan sonra tərəflər Xəzərin ekolo, su səthindən ümumi istifadə, terrorizmə, qaçaqmalçılığa qarşı birgə mübarizə ilə bağlı razılıqlar əldə edib.
2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanıb.
Konvensiyaya əsasən Xəzərin su səthində hər bir dövlətin 15 mil məsafədə milli zonası, 10 mil məsafədə balıqçılıq zonası müəyyən olunur. Qalan hissələr isə gəmiçilik və digər məqsədlər üçün ümumi istifadə üçün nəzərdə tutulur.Sənədə görə, dənizin dibi tamamilə üzbəüz və yanakı dövlətlər üçün sektorlara bölünür. Dənizin dibindən ümumi istifadə nəzərdə tutulmur. Boru kəmərlərinin və trans-xətlərin çəkilməsi ilə bağlı hüquqlar təsbit olunub. Borular və digər trans-xətlər çəkilərkən hansı ölkənin sektorundan keçəcəksə, həmin ölkə ilə ikitərəfli əsasda razılaşdırılacaq.
Konvensiyaya görə, dənizlərin sektorlara bölünməsi materik və materik ərazisinin davamı olaraq adalar da nəzərə tutulmaqla aparılır. Ölkələrin sərhədindən, sərhədin uzunluğundan asılı olaraq, razılaşdırılmış metod əsasında bölgü aparılır.
Konvensiyada Xəzər dənizində gəmiçilik məsələləri, tərəflərin bir-birinə xələl gətirməyən hərbi balansının qorunması əsas götürülüb.
2019-cu ilin sentyarında tərəflər Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının Katibliyinin təsis olunması ilə əlaqədar razılığa gəlib.
Tapdıq Fərhadoğlu