İyun 7-də Ağdam rayon sakini 1978-ci il təvəllüdlü Cəsarət Hətəmxanovun itkin düşməsi, daha sonra iyunun 16-da Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində meyitinin aşkar edilməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə Ağdam Rayon Prokurorluğundan məlumat verilib.
Aparılan araşdırmalarla Cəsarət Hətəmxanovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olması müəyyən edilib.
Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılıb.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
*** 10:11
Ağdamda 10 gündən çoxdur itkin düşən 43 yaşlı kişinin minaya düşdüyü məlum olub.
Unikal.org xəbər verir ki, itkin düşən Ağdam rayon sakini Cəsarət Hətəmxanov Ağdamın işğaldan azad olunan Seyidli kəndi ərazisində minaya düşərək həlak olub. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları C. Hətəmxanovun meyitini ərazidən götürmək üçün tədbirlər həyata keçirir.
Qeyd edək ki, Ağdamın Seyidli kənd sakini C.Hətəmxanov Quzanlı qəsəbəsində məzar daşlarının bərpası sexində sürücü işləyib. İşlədiyi məzar daşlarının bərpası sexindən növbəti qəbir daşını düzəltmək üçün gedib və geri qayıtmayıb. Bir müddət sonra isə o yaxınları əlaqə saxlayaraq Seyidlidə olduğunu bildirib. Ondan sonra isə C. Hətəmxanovla əlaqə itib.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsinə məlumat verilib. ANAMA, DİN və Müdafiə Nazirliyinin əməkdaşları işğaldan azad olunan ərazilərdə onun axtarışına cəlb olunub.