Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, “bir millət, iki dövlət” olmuşlar. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişdir. Türk dünyasının bu iki lideri öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsllərinə əbədi olaraq bir mesaj qoymuşlar: Türkiyə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır.
Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir. Bütün məsələlərdə, beynəlxalq arenalarda Azərbaycan daim Türkiyənin haqq işini dəstəkləyir. Elə bir məsələ olmayıb və əminəm olmayacaq ki, Azərbaycan öz dəstəyini Türkiyəyə göstərməsin. Hazırda bölgədə gedən bütün proseslərdə birmənalı şəkildə Azərbaycan dövləti və xalqı Türkiyə dövlətinin və xalqının yanındadır.
Yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan–Türkiyə münasibətləri daim güclənir. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır. Azərbaycan–Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində dayanmadan inkişaf edir, iki xalq arasında əlaqələrin səviyyəsini keyfiyyətcə yeni mərhələyə keçirir. Bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır.
Ən əsası da, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir.
Bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir. Bu baxımdan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyun ayının 15-də Azərbaycana gözlənilən səfəri iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə şərait yaradacağı, həmçinin regional inkişafın, eləcə də təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətli olacağı gözlənilir.
Ramiz Yusubov YAP Qaradağ rayon təşkilatı aparatının rəhbəri