“Cənubi Qafqazın gələcəyinə uzun sürən Azərbaycan-Ermənistan münaqişəsinin həlli kontekstində baxmaq lazımdır”.
Bunu Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev XXIV Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumu çərçivəsində keçirilən “Postcovıd dövründə Avrasiya regional əməkdaşlığı” adlı panel müzakirədə çıxışı zamanı bildirib.
“Münaqişənin həlli nəticəsində əvvəllər işğal olunmuş Azərbaycan əraziləri azad olunub. Postmüharibə dövrü regionda əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması və yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün yeni imkanlar açır. Azərbaycan gələcəyə baxır və öz gələcəyini Cənubi Qafqazın vahid inteqrasiya olunmuş regionun bir hissəsi kimi planlaşdırır”, deyə Ş. Mustafayev vurğulayıb.
Azərbaycan baş nazirinin müavini Cənubi Qafqazda nəqliyyat layihələrinin reallaşdırılmasının ən vacib məsələlərdən biri olduğunu söyləyib: “Mən Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci bəyanatlarını xatırlatmaq istəyirəm. Bu bəyanatlara əsasən, regionun bütün iqtisadi və nəqliyyat əlaqələri açılmalıdır. Hesab edirik ki, bu, bütün Cənubi Qafqaz ölkələrinin, eləcə də yaxın qonşularımızın və tərəfdaşlarımızın – Rusiya, Türkiyə və İranın maraqlarına cavab verir. Hesab edirik ki, Cənubi Qafqaz regionunun nəqliyyat və iqtisadi əlaqələrinin açılması bütün ölkələrə, xüsusilə də Orta Asiya ölkələrinə sərfəli olacaq. Azərbaycan məlum bəyanatların tam icra olunmasına, eləcə də regionda dayanıqlı sülhüm və təhlükəsizliyin təmin olunmasına, postmünaqişə vəziyyətinin normallaşmasına və bütün fikir ayrılıqlarının diplomatik vasitələrlə həllinə sadiqdir. Regionun perspektivli inkişafı üçün əməkdaşlıq və sülhə alternativ yoxdur”.
Ş.Mustafayev Azərbaycanın işğaldan azad olunan ərazilərdə artıq bərpa işlərinə başladığını da bildirib: “Həmin ərazilərdə infrastruktur layihələri həyata keçiririk, avtomobil magistralı tikirik, üç aeroportun inşası nəzərdə tutulub, bunlardan ikisi artıq tikilir, birinin isə tikintisi planlaşdırılır. Azərbaycan hökuməti bu işlərin icra olunması üçün maliyyə daxil olmaqla bütün lazımi resursları ayırıb. Bir daha təkrar etmək istəyirəm ki, Azərbaycan üçtərəfli bəyanatlara regionda uzunmüddətli sülhün və təhlükəsizliyin təminatı kimi baxır”/APA.