Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini təsdiq edib.
Sənədə görə, müəllimin geyimi onun dinamik işinə maneə yaratmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni zamanda şagirdlərdə geyimə, üsluba, geyimin müxtəlif situasiyalara uyğun seçilməsinə düzgün münasibət formalaşdırmalıdır.
Təhsilverənlərin geyimi və geyim elementləri ümumi təhsilin dünyəvilik prinsipinə uyğun şəkildə, mövsümə uyğun təmiz, səliqəli, sadə və işgüzar üslubda olmalıdır. Pedaqoji fəaliyyətin xarakterinə və təhsilalanların yaş xüsusiyyətlərinə uyğun olmayan, həmçinin bu tələblərlə müəyyən edilmiş geyim üslubundan kənara çıxan geyimlərdən və geyim elementlərindən istifadəyə yol verilmir.
Bu tələblərin məqsədi təhsilverənlərin geyimi ilə bağlı vahid yanaşmanın müəyyənləşdirilməsi, məktəbdə işgüzar geyim mədəniyyətinin formalaşdırılmasıdır.
Bəs müəllimlər konkret olaraq hansı geyimləri geyinə bilərlər?
Arazmedia.az rəsmi siyahını təqdim edir.
Kişi müəllimlər üçün:
- sərbəst kəsimli klassik üslublu dəst (pencək və şalvar);
- uzunqol və ya qısaqol birrəngli, yaxud zolaqlı, dama-dama və ya xırda naxışlı klassik köynək;
- təhsilverənin öz istəyi ilə qalstuk, habelə köynəyin üzərindən geyinilən klassik üslubda sviter, pulover və ya jilet;
- klassik ayaqqabı.
Qadın müəllimlər üçün:
- sərbəst kəsimli klassik üslublu dəst (pencək və şalvar, pencək və ətək və ya pencək və don);
- uzunluğu diz xəttində və ya dizdən aşağı olan ətək və ya don;
- uzunqol və ya qısaqol birrəngli, yaxud zolaqlı, dama-dama və ya xırda naxışlı klassik köynək və ya kofta;
- klassik ayaqqabı.
Geyimin ölçüsü və forması müəllimin əmək funksiyasının icrasına mane olmamalıdır.
Müəllimlərin geyimi mövsümə uyğun təmiz, səliqəli, sadə və işgüzar üslubda (fiziki tərbiyə, çağırışaqədərki hazırlıq, texnologiya, fizika, kimya və biologiya fənlərinin tədrisi zamanı tədris məşğələsinin xarakterinə və iş şəraitinə uyğun funksional və rahat geyimlərdən istifadə edilməsi istisna olmaqla) olmalıdır.
Müəllimlərin əmək funksiyalarını yerinə yetirdikləri müddətdə məktəbin işgüzar mühitinə, pedaqoji fəaliyyətin xarakterinə və təhsilalanların yaş xüsusiyyətlərinə uyğun olmayan, həmçinin bu Tələblərlə müəyyən edilmiş geyim üslubundan kənara çıxan geyimlərdən (geyim elementlərindən) istifadə etməsinə yol verilmir.
