Samir Qəhramanov adlı vətəndaş başına gələn dələduzluqla bağlı şikayətinin təmin edilmədiyini bildirir. Onun sözlərinə görə, hadisə iki il əvvəl baş verib.
Zərərçəkmiş bildirir ki, 2024-cü ildə şəxsi mülkiyyətində olan avtomobillərini satışa çıxarıb. Samir Qəhramanov bunun üçün maşın satışını həyata keçirən saytların birində müvafiq elan paylaşıb. Avtomobillərdən birinin qiyməti 600 AZN, digərinin qiyməti isə 3500 AZN dəyərində olub.
Sumqayıtda yaşayan və köhnə maşınları alıb onların təmiri ilə məşğul olan Xəlilov Ülvi İlham oğlu elanı görərək Samir Qəhramanovla əlaqə saxlayıb. Şikayətçinin sözlərinə görə, Ülvi Xəlilov ona zəng edərək xəstə uşağının olduğunu bildirib və avtomobilləri ümumilikdə 4000 manata deyil, 1500 manata almaq istədiyini deyib. Samir Qəhramanov isə qarşı tərəfin bu sözlərinə inanaraq və vəziyyətinə acıyaraq razılaşıb.
Üç günə pulu ödəyəcəyini dedi…
Samir Qəhramanovun iddiasına görə, tərəflər 1500 manat məbləğində razılığa gəliblər. Ülvi Xəlilov isə pulun üç gün ərzində Samirin bank kartına köçürüləcəyini vəd edib. Lakin şikayətçi bildirir ki, həmin vəddən 2 il keçməsinə baxmayaraq, 1500 manat ona ödənilməyib. Zərərçəkmiş şəxs məsələ ilə bağlı dəfələrlə Abşeron Rayon Polis İdarəsinə müraciət etdiyini deyir. Onun sözlərinə görə, polis əməkdaşları tərəfindən ona Ülvi Xəlilovun saxlanıldığı, hətta sutkalıq həbs verildiyi və yaxın zamanda pulun qaytarılacağı bildirilib. Lakin Samir Qəhramanov iddia edir ki, bütün bunlara baxmayaraq, məsələ nəticəsiz qalır və vəd edilən pul ödənilmir.
“İki dəfə rəisin qəbuluna yazıldım, amma qəbul edilmədim”
Şikayətçi həmçinin Abşeron Rayon Polis İdarəsinin rəisi Musa Musayevin qəbuluna iki dəfə yazıldığını, lakin qəbuluna düşə bilmədiyini bildirir.
Qəhramanovun narazılığı yalnız pulun qaytarılmaması ilə məhdudlaşmır. O, araşdırmanın gedişindən də narazıdır və məsələ ilə bağlı polis əməkdaşlarının ona verdiyi cavabların problemi həll etmədiyini deyir.
İki avtomobil, 1500 manatlıq borc və iki ilə yaxın davam edən gözlənti… Samir Qəhramanov aidiyyəti qurumlardan şikayətinin obyektiv araşdırılmasını və məsələyə hüquqi qiymət verilməsini istəyir.
Şikayətçinin sözlərinə görə, artıq 1500 manatın ödənilməsi onun üçün əsas məsələ deyil. Samir Qəhramanovun əsas tələbi odur ki, razılaşma əsasında verdiyi hər iki avtomobil ona geri qaytarılsın.
Qeyd edək ki, yazıda səsləndirilən iddialar şikayətçinin mövqeyidir. Qarşı tərəfin və aidiyyəti qurumların məsələyə münasibətini dərc etməyə hazırıq.
