
Hörmətli Milli Məclisin sədri Sahibə xanım Qafarova, Bu sətirləri Sizə Vətən uğrunda canını fəda etmiş Şəhid Zaur Qurbanovun 80 yaşlı anası Əzizə ananın adından yazıram.
Arazmedia.az xəbər verir ki, Şəhid 80 yaşlı anası bu müraciəti olduğu kimi Milli Məclisin sədrinə çatdırılmasını istəyib.
Həmin müraciəti olduğu kimi təqdim edirik:
Bir ana kimi yox, Şəhid anası kimi yazıram — illərin ağrısını, gözləməsini və ümidini bu sözlərə sığdıraraq. Ələt qəsəbəsində yerləşən, Şəhid Zaur Qurbanovun adı ilə bağlı mədəniyyət evi bu gün bərbad vəziyyətdədir. Bu məkan nəinki bir bina, həm də xatirədir, mənəvi dəyərdir, gənclər üçün tərbiyə ocağıdır. Təəssüf ki, sözügedən mədəniyyət evi “Azərbaycan Dəmir Yolları” QSC-nin balansındadır və uzun illərdir bu quruma edilən saysız müraciətlər cavabsız qalır.Biz illərdir qapı döyürük, yazırıq, xahiş edirik. Lakin “Azərbaycan Dəmir Yolları” rəhbərliyi nə bizi, nə də Ələt qəsəbəsinin sakinlərini eşitmək istəmir. Bu laqeydlik təkcə bir binaya deyil, Şəhid adına, Şəhid xatirəsinə qarşı biganəlikdir. 80 yaşlı bir Şəhid anasının səsini eşitməmək hansı vicdana sığır?
Hörmətli Sahibə xanım,Sizdən xahiş edirik ki, bu məsələyə prinsipial mövqe ortaya qoyasınız. Aidiyyəti qurumlara, xüsusilə də “Azərbaycan Dəmir Yolları” rəhbərliyinə göstəriş verilsin ki, mədəniyyət evinin vəziyyəti dərhal araşdırılsın, bərpa və abadlıq işləri həyata keçirilsin və Şəhid adı layiq olduğu ehtiramla qorunsun.Biz imtiyaz istəmirik. Biz hörmət istəyirik.
Biz susmuruq, çünki Şəhid anaları susanda ədalət gecikir. Ümid edirik ki, bu müraciət cavabsız qalmayacaq və Ələt qəsəbəsində Şəhid adına yaraşan bir qərar veriləcək.Allah bütün Şəhidlərimizə rəhmət eləsin.Şəhid analarının səsi eşidilsin.
