
Oktyabrın 17-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə “Müstəqilliyin bərpasından tam suverenliyə gedən yol” mövzusunda dəyirmi masa təşkil olunub.
Arazmedia.az xəbər verir ki, tədbir Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı, Qaradağ Rayon İcra Hakimiyyəti, 21 saylı Mediasiya Təşkilatı və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Ümummilli Liderin xatirəsini ehtiramla yad ediblər. Sonra sərgi zalında Ulu Öndərin zəngin həyat və dövlətçilik fəaliyyətini əks etdirən stendlərlə tanışlıq olub.Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Müstəqilliyin bərpasından tam suverenliyə gedən yol” adlı videoçarx nümayiş etdirilib.YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev tədbirdə çıxış edərək Azərbaycan xalqının müstəqillik uğrunda apardığı uzun və çətin mübarizə yolundan danışıb. O bildirib ki, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti ilk demokratik respublika olsa da, cəmi 23 ay yaşayıb və 1920-ci ildə bolşeviklərin işğalı ilə süqut edib. 1922-ci ildə isə Azərbaycan SSRİ-nin tərkibinə daxil edilib.Qafar Əliyev qeyd edib ki, XX əsrin sonlarında yaranmış tarixi şərait ölkəmizə yenidən müstəqilliyini bərpa etməyə imkan verib və bu, 1991-ci il oktyabrın 18-də gerçəkləşib. Lakin müstəqilliyin ilk illərində ölkədə xaos, iqtisadi tənəzzül və torpaq itkisi kimi ciddi problemlər yaşanıb. Bu ağır dövrdə xalqın yeganə ümid yeri Ulu Öndər Heydər Əliyev olub. Məhz onun siyasi qayıdışı ilə ölkədə sabitlik və inkişaf təmin edilib.Rayon təşkilatının sədri onu da vurğulayıb ki, son 22 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub, ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olunub. Bütün bu uğurların təməlində Ulu Öndərin müəyyən etdiyi siyasi xətt və onun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır.Tədbirdə çıxış edən digər natiqlər Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Səmayə Şıxəliyeva, rayon Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Mediasiya Şurasının İdarə Heyətinin üzvü Sima Yaqubova, 21 saylı Mediasiya Təşkilatının direktoru Zaur Mirzəbəyov, Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, 1 saylı Mediasiya Təşkilatının direktoru Hümmət Əliyev, 18 saylı Mediasiya Təşkilatının direktoru Sadiq Bağırov, Mediasiya Şurası İdarə Heyətinin müşaviri Əli Fərzəliyev və digərləri XX əsrin sonlarında Azərbaycanın qarşılaşdığı çətinliklərdən, vətəndaş müharibəsi təhlükəsindən və iqtisadi çöküşdən danışaraq Ulu Öndər Heydər Əliyevin xilasedici rolunu xüsusi qeyd ediblər.Tədbirin sonunda YAP-a yeni daxil olanlara üzvlük vəsiqələri təqdim olunub.