DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

ŞƏHİD MAYOR VÜSAL VƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ “SƏS” TAMAŞASI

3 dəqiqəyə oxunur

3 dekabr 2024-cü ildə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Azərbaycanın qəhrəmanlıq salnaməsində zəfər zirvəsi olan 44 günlük Vətən müharibəsinin qəhrəmanlarına həsr olunan, şəhid mayor Vüsal Vəliyevin xatirəsinə ehtiramla Adilə Nəzərin “Axirətdən gələn səs” qəhrəmanlıq dramı əsasında İftixarın “Səs” adlı rejissor tamaşasının premyerasını təqdim etdi. Avanqard üslubda, qeyri-səlis təbəddülatla nümayiş olunan səhnə əsəri Qarabağ müharibəsində şücaət göstərən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ərazi bütövlüyümüz yolunda canlarını fəda edən şəhidlərimizin mübarizə amallarını təcəssüm etdirir.


Tamaşanın quruluşçu rejissoru, bədii və musiqi tərtibatının, rəqslərin quruluşçusu Əməkdar mədəniyyət işçisi İftixar Piriyevdir.
“Səs” 44 günlük Vətən müharibəsi mövzusunda tamaşaya qoyulan ilk əsərdir. Əsərdə baş qahrəman mayor Vüsal Vəliyevlə yanaşı Milli Qəhrəman Polad Həşimov, Mübariz İbrahimov və digər qəhrəmanlarımız da ümumiləşdirilmiş Komandir obrazında yad edilir.
Premyerada ölkənin tanınmış simaları – millət vəkilləri, ədəbiyyatşünas-alimlər, sənətşünaslar, şəhid ailələri, qazilər, şəhidin mayor Vüsal Vəliyevin ailə üzvləri, kursant yoldaşları, televiziya, qəzet və sayt nümayəndələri iştirak etdi. Tamaşa izləyicilər tərəfindən maraqla qarşılandı.
Rollarda: Səmayə Nəbiyeva (Səmayə ana), Samir Əliyev (Vüsal), Əməkdar artist Esmiralda Şahbazova (Mədinə), Niyaməddin Səfərəliyev (İslam), Natiq Həziyev (Milli qəhrəman), Pərvin Dadaşova (İnci), Anar Həşimov (Elyar), Naibə Nemətova (Afaq), Xədicə Məmmədova (Snayper) və başqaları.

Xatırladım ki, mayor Vüsal Vəliyev 1988-ci il iyulun 15-də Şərur rayonunun Dizə kəndində anadan olub. 1994-2002-ci illərdə Şərur rayon Dizə kənd orta məktəbində, 2002-2005-ci illərdə Heydər Əliyev adına Hərbi liseydə, 2005-2009-cu illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə hərbi təhsilin sirrlərinə yiyələnib. 2012-ci ildə Xüsusi Təyinatlı Qüvvələr təlimini uğurla başa vurub. Vüsal Vəliyevə 22.06.2009-cu il tarixdə leytenant, 26.06. 2012-ci il tarixdə baş leytenant, 26.06.2016-cı il tarixdə kapitan, 20.08.2020-ci il tarixdə isə mayor rütbəsi verilmişdir.
2009-cu ildən “leytenant” hərbi rütbəsində Beyləqan rayonunda xidmətə başlayıb. Tank əleyhinə taqımın komandiri, motoatıcı taqım komandiri, motoatıcı taborun qərargah bölüyünün komandiri, motoatıcı bölüyün komandiri, tank əleyhinə bölüyün komandiri, motoatıcı taborun qərargah rəisi, tabor komandirinin müavini, motoatıcı taborun komandiri vəzifələrində Beyləqan, Füzuli, Ağdam, Tərtər, Tovuz, Qazax və Göygöl-Murovdağda xidmət edib, “mayor” hərbi rütbəsinəcən yüksəlib. Xidmət etdiyi müddətdə mayor Vüsal Vəliyevə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1928-2013) Yubiley medalı”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Yubiley Medalı”, “10 il Qüsursuz xidmətlərə görə” 3-cü dərəcəli medalı, Azərbaycan Respublikası Müdafiə Naziri General-Polkovnik Zakir Həsənov tərəfindən təqdim edilmiş xüsusi medalla təltif olunub.
Vüsal Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı həmlə taborunun komandiri olub. Murovdağdan başlanan döyüş yolu Şuşanın azadlığınadək davam edib. Mayor Vüsal Vəliyev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. 14 dekabr 2020-ci il tarixdə Şərur rayonundakı Şəhidlər Xiyabanında dəfn olunub.
Hərbi hissə qarşısında qoyulmuş bütün tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, döyüşdə şücaət və igidlik göstərdiyi üçün mayor Vüsal Vəliyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamıyla “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.
Mayor Vüsal Vəliyev nişanlı idi.
Şəhid mayor Vüsal Vəliyevin haqqında “Qisas 44” və “Vüsalın dastanı” adlı iki kitab çap olunub. Onun doğulduğu Dizə kəndində əziz xatirəsinə “Şəhid Vüsal bulağı” adlı abidə-bulaq kompleksi inşa edilib. Şəhid mayor Vüsal Vəliyev haqqında onlarla sujet hazırlanıb, yüzlərlə məqalə, şeir və mahnılar yazılıb. Ölkənin müxtəlif məktəblərində onun adına sinif otaqları verilmişdir.


Müəllif: Filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzər