2 sentyabr 2024- cü il tarixində Yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü, “VƏTƏN FƏDAİLƏRİ” layihəsinin rəhbəri Manya Səxavətqızının şəhidlərimizə həsr etdiyi növbəti “VƏTƏN FƏDAİLƏRİ:TOVUZ ŞƏHİDLƏRİ” kitabının möhtəşəm təqdimat mərasimi keçirildi. Təqdim olunan kitab “VƏTƏN FƏDAİLƏRİ” layihəsinin IV hissəsidir. Bundan öncə “VƏTƏN FƏDAİLƏRİ:NAXÇIVAN ŞƏHİDLƏRİ” I Hissə, “VƏTƏN FƏDAİLƏRİ:İMİŞLİ ŞƏHİDLƏRİ” II Hissə, “VƏTƏN FƏDAİLƏRİ:ŞƏKİ ŞƏHİDLƏRİ” III Hissə ərsəyə gətirilib. Məmmədov Şahin Əbdül oğlunun dəstəyi və Məmmədov Bəhruz Qasım oğlunun maliyyə dəstəyi ilə ərsəyə gələn kitab Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının göstərişi ilə Tovuz rayonu Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzində təqdimat mərasimi keçirildi. Elvin Nüsrətoğlunun aparıcılığı ilə keçirilən təqdimat mərasimində şəhid ailələri, qazilər, hərbçilər, media nümayəndələri və digər qonaqlar iştirak etdilər. Təqdimat mərasimində ilk olaraq Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general mayor Müşfiq Məmmədovun göstərişi ilə tədbirdə iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin Hərbi orkestrının müşayəti ilə bir dəqiqəlik sükutla şəhidlərimizin xatirələri anıldıqdan sonra Azərbaycan Dövlət himni ucaldıldı. Sonra layihənin rəhbəri Manya Səxavətqızı və ardınca layihənin dəstəkçisi Şəhid qardaşı, qazi oğlu Şahin Məmmədov və kitabın maliyyə dəstəkçisi Bəhruz Məmmədov qonaqları salamlayaraq “VƏTƏN FƏDAİLƏRİ” layihəsi haqqında məlumat verdilər. N saylı hərbi hissənin İdealoji iş və mənəvi psixoloji təminat bölmə rəisi Mayor Ağayev Nicat Rafiq oğlu, şəhid ailələri və digər qonaqlar çıxış edərək “VƏTƏN FƏDAİLƏRİ:TOVUZ ŞƏHİDLƏRİ” kitabının mahiyyətindən və bu kimi addımların atılmasının vacibliyindən söz açdılar. Kitab şəhid ailələri ilə yanaşı gələn bütün qonaqlara təmənnasız bağışlanıldı.
Qeyd edək ki, “VƏTƏN FƏDAİLƏRİ” layihəsinin IV Hissəsi olan “VƏTƏN FƏDAİLƏRİ:TOVUZ ŞƏHİDLƏRİ” kitabı Manya Səxavətqızının sayca 11-ci, şəhidlərimizə həsr etdiyi 9-cu kitabıdır.
Vətəni azadlığa qovuşduran şəhidlərimizin adlarını Manya Səxavətqızı kitablara həkk edərək əbədi yaşadır.