Qonşusunu qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə ilk məhkəmə iclası bu gün keçiriləcək.
Arazmedia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılacaq iş üzrə hazırlıq iclası saat 10:20-də başlayacaq. İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiriləcək, ilkin dinləmələr keçiriləcək. Məhkəmənin gedişi barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Rəşad Dağlı qonşusu – 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir.
Hadisə ötən ilin noyabr ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.
Rəşad Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham irəli sürülüb. Meyxanaçı verilmiş ittihamla təqsirli bilinərsə 9 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.