Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu zəlzələdən zərər çəkənlərə yardımlarla bağlı Azərbaycana və digər ölkələrə təşəkkür edib.
Arazmedia.az xəbər verir ki, nazir bu barədə tviter hesabında yazıb.
Mövlud Çavuşoğlu Azərbaycandan, eləcə də digər ölkələrdən gələn xilasedicilərin dağıntıların olduğu yerlərdə apardıqları axtarış-xilasetmə əməliyyatlarının videogörüntülərini paylaşaraq, “Dost dar gündə bəlli olur, təşəkkürlər” sözlərini yazıb.
Qeyd edək ki, Türkiyədə zəlzələdə ölənlərin sayı 39 672 nəfərə çatıb, yaralı sayı 105 505 nəfər təşkil edir. Ümumilikdə zəlzələdən 82 min bina zərər çəkib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4 700-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və on minlərlə itkiyə səbəb olub.
Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.