“Prezident İlham Əliyevin Laçın şəhərinə səfəri və burada Azərbaycan Bayrağını ucaltması tarixi hadisədir. Bu, bir daha göstərdi ki, Azərbaycan öz istəklərinə nail olur və heç bir güc buna mane ola bilmir. Özü də , dünyada və regionda baş verən mürəkkəb hadisələrə, Azərbaycanın güclənməsindən narahat olan dairələrin hər cür maneə cəhdinə və bəyanatlarına rəğmən”.
Bu sözləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
O bildirib ki, Prezident İlham Əliyevin Laçın şəhərindəki çıxışı öz məzmunu ilə yenə də yol xəritəsi və siyasi dərs mahiyyətindədir.
“Bunu görmək üçün dövlətimizin başçısının bir neçə sitatına nəzər yetirmək kifayətdir.
Prezident İlham Əliyev: “Sentyabrın 13-də bizə qarşı növbəti təxribat törədilərkən Azərbaycan Ordusu cavab verərək düşməni yenə də yerinə oturtdu. Ümid edirəm ki, nəhayət bu, onlara dərs olacaq. Çünki gördülər ki, bizi heç kim və heç nə dayandıra bilməz. Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz. Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq.”
Mesaj kifayət qədər aydındır. Bu, bir daha onu göstərir ki, heç bir bəyanat, təzyiq, qaragüruh Azərbaycanı gündəmini dəyişdirməyə vadar edə bilməz. Əksinə son proseslər bir daha göstərdi ki, bu regionda gündəmi məhz Azərbaycan müəyyənləşdirir.
Sentyabrın 13-də Ermənistanın təxribatına Azərbaycan ordusunun cavabını fərqli şəkildə təqdim etməyə çalışan xarici dairələrə və onlarla həmrəy olan daxildəki ünsürlərə də tutarlı cavab var:
“Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Birincisi, əgər sərhəd onların dediyi yerdə idisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar.
…Bir daha demək istəyirəm ki, bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz.”
Prezident İlham Əliyevin bu sözləri həm də, onu göstərir ki, Azərbaycan güclü tərəf olmaqla yanaşı, beynəlxalq hüquq və ədalət prinsiplərinə də sadiqdir. İstənilən tənzimləmə, o cümlədən də delimitasiya tarixi sənədlər və xəritələr əsasında olmalıdır. Azərbaycan isə bu prosesə həm hazır, həm də hazırlıqlıdır.
Cənab Prezidentin çıxışında bir məqam xüsusi ilə diqqət çəkir:
” Biz ta Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelərdəyik. Bu mövqelər bizə həm hərbi üstünlük verir, həm böyük əraziyə vizual nəzarət imkanı yaradır, o cümlədən önəmli kommunikasiya xətlərinə nəzarət etməyə imkan verir və biz artıq bu bölgələrdə yerləşirik.”
Bu məqam onu göstərir ki, Azərbaycan bundan sonra baş verəcək proseslərdə üstünlüyünü daha da möhkəmləndirib. Həm Ermənistanın növbəti təxribat cəhdlərinin qarşısının alınması, həm də danışıqlar baxımından.
Bu sitat həm də, “13 sentyabrda Azərbaycan nəyə nail oldu?” deyib, ordumuzun cavab əməliyyatına kölgə salmaq istəyən, bunu daxili siyasi mübarizəyə alət etmək istəyən ünsürlərə bir cavabdır.
Prezident İlham Əliyev çıxışında, həm də işğaldan azad olunmuş ərazilər, o cümlədən Laçın şəhərinin gələcək inkişafı ilə bağlı mühüm fikirlər səsləndirdi. Nəyinki Laçın, ümumilikdə işğaldan azad edilmiş bütün ərazilərlə bağlı Azərbaycanın konkret bərpa planı var. Bu istiqamətdə işlər sürətlə davam edir, böyük infrastruktur layihələri icra edilir. Dövlət başçısının səfər zamanı yeni infrastruktur layihələrinin təməlini qoyması və inşası davam edən layihələrlə yerində tanış olması isə söz və əməl bütövlüyünün növbəti nümunəsidir.
Bütün bunlar bir daha göstərir ki, Azərbaycan siyasi, hərbi və iqtisadi müstəvidə öz hədələrinə bir-bir nail olur. Bu, Prezident ilham Əliyevin siyasi iradəsinin və qətiyyətinin təntənəsidir”.