Teymur bəy Bayraməlibəyov – 160
Bu gün böyük ziyalı, görkəmli maarifçi, etnoqraf-tarixçi, Cümhuriyyət dövrünün böyük mübarizi, Həsən bəy Zərdabi yolunun etibarlı davamçısı Teymur bəy Bayraməlibəyovun doğum günüdur. Teymur bəy 160 il əvvəl Bakı quberniyasının Lənkəran qəzasının Yeddoiymaq kəndində dünyaya gəlmişdir.
Doğulduğu gündən bu oğlan övladının maraqlı tarixçəsi başlayır. Səfəvi tarixində döyüşkən və sədaqətli Şahsevən tayfaları böyük nüfuz sahibi olmuşlar. Bu nəsil də Şahsevənlərdən idi. Digər tərəfdən təhsili olmayan və böyük təsərrüfat sahibi olan ata oğluna yeni yol təklif etdi. Oxumağı, təhsil sahibi olmağı.
Teymur ilk təhsilini Qızılağac və Yeddioymaqın molla məktəblərində alır. Mollaxanada dini təhsil alan və dünyəvi elmlərlə tanış olan Teymur Lənkəranda ikisinifli rus məktəbinə daxil olur. Lənkərandan sonra Cənubi Qafqazın siyasi mərkəzində təhsil almaq hamıya nəsib olmur. Gənc Teymur Tiflisdə həm feldşer məktəbini, həm də Qori Müəllimlər Seminariyasını fəth etdi. Seminariyanın ilk üç azərbaycanlı tələbəsindən biri Teymur oldu.
Dünənin tələbəsi bü günün gənc müəllimi kimi Lənkəranda pedaqoji fəaliyyətə başladı. Yarafdığı Xeyriyyə cəmiyyəti xəttilə şagirdləri dərslik, paltar, ayaqqabı ilə təmin edir, yaşadığı evin bir mərtəbəsini onlara ərməğan etmişdi. Hələ ərzaq və yeməklərini demirəm. O, Həsən bəy Zərdabi yolunun ən böyük davamçısı adını qazana bildi.
Böyük təhsil sahibi olan Teymur bəy siyasət meydanında özünü sınamalı oldu. Lənkəran dumasına seçildi. İlk uğuru kimi Lənkəranda 4 sinifli ibtidai məktəbin açılmasına nail oldu. Artıq Teymur bəy Bakıda və Tiflisdə milli ruhda nəşr olunan mətbuat orqanları ilə əməkdaşlığa başladı. “Kaspi” qəzeti Teymur bəyi Lənkəran zonası üzrə müxbir təyin etdi.
1911-ci ildə Teymur bəyin pedaqoji fəaliyyətinin 30 illiyi təntənəli şəkildə qeyd olundu. Bu o dövr üçün böyük hadisə idi. Teymur bəy bir az da irəli gedərək daha bir uğura imza atdı. Lənkəranda Ünas(Qızlar) məktəbinin açılmasına nail oldu.
1918-ci ildə daşnak-bolşevik birləşmələri tərəfindən azərbaycanlı əhaliyə qarşı həyata keçirilən soyqırımla mübarizədə Teymur bəyin əvəzsiz xidməti olmuşdur. Cümhuriyyət elan edilsə də Lənkəran bölgəsində milli hökumətin qanunlarını həyata keçirmək mümkün deyildi. Rus radası, menşevik qüvvələri, daşnak silahlı dəstələri, Bakı soveti qüvvələri bölgəni əlində saxlamaq üçün hər cür qəddarlığa əl atırdılar. Noyabrda Bakıya daxil olan və özünü şəhərin general-qubernatoru elan edən Tomsonun qəbulunda olan Teymur bəy ondan tələb etdi ki, bölgə əhalisinin müsibətlərini görmək üçün özü başda olmaqla Lənkərana səfər etsin. Teymur bəy ölüm təhlükəsi ilə üz-üzə dayanmasına baxmayaraq, bölgə əhalisini axıra qədər müdafiə etdi. 1919-cu ilin isti yay günlərində Milli ordu general Həbib bəy Səlimovun rəhbərliyi altında düşmən qüvvələrini darmadağın etdi. Lənkəran bölgəsi Cümhuriyyət qanunları ilə idarə olunmağa başladı.
Teymur bəy Lənkərandan sonra fəaliyyətini Bakıda davam etdirdi.
Bölgənin tarixi, etnoqrafiyası və folkloru ilə bağlı ən uğurlu əsərlərin müəllifi kimi şöhrət qazandı. Ona bu məsul işdə yardım edənlər doğmaları oldu.
Bu nəslin şəcərəsi Vətən tarixində zirvə sayılan Səfəvilərdən başlayır. Səfəlilər tarixin sonrakı məqamlarında hakimiyyətdən salınsalar da, onların dövlətçilik tarixində göstərdikləri xidmətlər unudulmur və unudulmayacaq. Teymur bəy Bayraməlibəyov da uzun illər bundam əvvəl dünyasını dəyişib. Amma Azərbaycanın maarifçilik tarixində böyük xidmətləri olan bu nəhəng şəxsiyyətin 160 illik yubiyeyinə yığışanlar Teymur bəyin xidmətlərini dönə-dönə qeyd edir və onunla fəxr edirlər.
Anar İsgəndərov,
tarix elmləri doktoru, professor,
millət vəkili.