“Həssas və sosial vəziyyəti aşağı olan təbəqənin büdcəsinin formalaşmasına dövlət öz dəstəyini verəcək. Sosial paket proqnozlaşdırılan inflyasiya səviyyəsində nəzərə alınıb”.
Bu sözləri Bakupost.az-a millət vəkili Aydın Hüseynov çörəyin bahalaşması ilə bağlı danışarkən deyib.
Aydın Hüseynov qeyd edib ki, bütün proseslər dövlətin nəzarəti altındadır:
“Dünyadakı bahalaşma ölkəmizə öz təsirini göstərir. Bu idxal olunan bir qiymətdir və gözlənilən idi. Lakin qiymət artımı var deyib, digər tərəfdən qiymətləri süni qaldıranlar da az deyil. Belə anlardan sui-istifadə edirlər. Bəzən əhalidə təşviş yaranır ki, un azalacaq. Bu mənada əhali 1 kisə un əvəzinə 2-3 kisə almaq istəyir.
Proseslər hökumətin nəzarətindədir. Taxıl Fondun artırılması, ehtiyat fondlarının yaradılması, subsidiyaların verilməsi, taxıl sahələrinin genişləndirilməsi kimi tədbirlər həyata keçirilir. Dövlət vətəndaşını problemlə üz-üzə qoymayacaq. Pandemiya dövründə dövlət böyük sosial paket hazırladı.
Bu proseslər indi də hökumətin diqqətindədir. Hansısa gərginliyin olacağını proqnozlaşdırmıram. Əməkhaqları, pensiyaların, müavinətlərin artımı kimi proseslər üçün vəsaitlər nəzərdə tutulur. Tam əminliklə deyə bilərəm ki, Azərbaycan hökuməti vətəndaşı ciddi problemlə qarşılaşmağa qoymayacaq.”