Rusiyanın ən böyük onlayn pərakəndə satıcısı “Wildberries”, artan koronavirus hadisələri və səlahiyyətlilərin ictimai yerlərdə fərdi qoruyucu vasitələrdən istifadə etmək tövsiyələri fonunda ilk dəfə 2022-ci ildə birdəfəlik maskalar və dəri antiseptiklərinə tələbatın artdığını qeyd edib.
Arazmedia.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Şirkət bildirib ki, son iki həftə ərzində, iyulun 11-dən 24-dək maskalara tələbat iyunun eyni dövrü ilə müqayisədə iki dəfə (109 faiz) artıb.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri daha əvvəl Tedros Adhanom Qebreyesus Covid-19-dan ölənlərin sayının artdığı üçün dünya ölkələrinin hökumətlərini maska rejimini qaytarmağa çağırıb. ÜST rəhbərinin sözlərinə görə, pandemiya bitməkdən çox uzaqdır – “Omicron” ştammının variantları bütün dünyada yeni xəstələnmə, xəstəxanaya yerləşdirmə və ölüm dalğalarına səbəb olmaqda davam edir.
“Pfizer”in baş direktoru Albert Burla daha əvvəl pandemiyanın yeni dalğasının yaxınlaşdığı barədə xəbərdarlıq etmişdi.