Azərbaycanda tibb işçilərinə güzəştli ipoteka krediti veriləcək.
Arazmedia.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.
Agentlik sədri bildirib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ verilən şəxslərin siyahısına dövlət tibb müəssisələrində çalışan tibb işçilərinin əlavə edilməsi ilə bağlı təklif hazırlayıb.
Z.Əliyev qeyd edib ki, təklifdə güzəştli ipoteka kreditindən istifadə etmək hüququ əldə etmək üçün gənc ailənin üzvü olaraq ən az 3 il dövlət tibb müəssisələrində tibbi fəaliyyətlə məşğul olmaq tələbi var. Eyni zamanda gənc ailənin üzvü olmayan tibb işçilərinin güzəştli ipoteka kreditindən yararlanması üçün ən az 15 il dövlət tibb müəssislərində tibbi fəaliyyətlə məşğul olmaq tələbi irəli sürülüb.
Təklif artıq aidiyyəti dövlət orqanlarına və qurumlarına təqdim olunub.