Azərbaycanda aprel ayında dörd ailə faciəsi yaşanıb. Belə ki, bu ay 4 kişi həyat yoldaşını və özünü öldürüb.
Arazmedia.az xəbər verir ki, bu hadisələrdən ikisi ötən gün qeydə alınıb.
Aprelin 19-u Qusar rayonu, Bədişqala kəndi ərazisində 1982-ci il təvəllüdlü Marat Yüzbəyov və 1984-cü il təvəllüdlü Sənubər Yüzbəyovanın yaşadıqları evdə ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla Sənubər Yüzbəyovanın əri Marat Yüzbəyovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Sənubər Yüzbəyovaya xəsarət yetirərək qəsdən öldürməsinə, daha sonra özünü asaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Elə həmin gün Qubada 56 yaşlı kişi keçmiş arvadını qətlə yetirib, daha sonra intihar edib.
Rayonun Bərqov kənd sakinləri – 1966-cı il təvəllüdlü İlham Xudamov və 1973-cü il təvəllüdlü Sara Əsədovanın birgə yaşadıqları evdə ölmələri barədə prokurorluğa məlumat daxil olub. Araşdırmalarla İlham Xudamovun bıçaqla keçmiş arvadı Sara Əsədovaya çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra həmin bıçaqla özünə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Aprelin 17-si Zaqatala rayonu, Çardaxlar kəndi ərazisində 1985-ci il təvəllüdlü Qılman Həsənov və Xavər Həsənovanın yaşadıqları evdə ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla Xavər Həsənovanın əri Qılman Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Xavər Həsənovaya xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra özünə həmin alətlə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Aprelin 6-da Sabunçu rayonunda 1997-ci il təvəllüdlü Misli Xəlilova və 1978-ci il təvəllüdlü Rasim Xəlilovun ölmələri barədə prokurorluğa məlumat daxil olub.
Araşdırmalarla M.Xəlilovanın keçmiş əri R.Xəlilovun odlu silahla atəş açaraq onu qəsdən öldürməsinə, daha sonra özünə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Hər 4 faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.