Gözlənildiyi kimi hazırda ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraiti inversiya xarakterlidir. Soyuq hava kütləsinin isti havanı sıxışdıraraq yuxarı qaldırması nəticəsində yerüstü təbəqədə temperatur yuxarı təbəqəyə nisbətən aşağı olub, nəticədə inversiya qatı yaranıb.
Bunu Arazmedia.az-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, gecə saatlarında yer səthi tədricən soyuyur ki, bu da havanın aşağı qatlarının da soyumasına gətirib çıxarır. Nəticədə nisbətən isti və soyuq hava kütlələrinin qarşılaşması dumanın yaranması üçün əlverişli şərait yaradır. Adətən dumanın yaranması inversiya ilə izah olunur.
“Dumanlı hava şəraiti ilə əlaqədar Bakıda və Abşeron yarımadasında meteoroloji görünüş məsafəsi 200 metrədək, rayonlarda isə 50 metrədək məhdudlaşıb”.
Xidmət rəisi bildirib ki, ölkə ərazisində dumanlı hava şəraiti fevralın 26-sı səhərədək davam edəcək. Magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar görünüş məsafəsi 100-500 metrədək məhdudlaşacaq.