“Azərbaycan tam müstəqil xarici siyasət yürüdür. Heç bir hərbi blokun üzvü deyil, Xarici siyasətində, qonşu ölkələrlə münasibətlərində daim balanslaşdırılmış xətti üstün tutur. Beynəlxalq təşkilatlarda təmsilçiliyi və atdığı addımlar milli maraqlar çərçivəsindən kənara çıxmır. Həm “Şuşa Bəyannaməsi”ndə, həm də “Moskva Bəyannaməsi”ndə qeyd olunduğu kimi Türkiyə və Rusiya ilə münasibətlərimiz üçüncü tərəfə qarşı deyil. Bu sənədlər əslində Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Rusiya ilə müttəfiqlik sənədinin imzalanmasının son hadisələrlə heç bir bağlılığı yoxdur: “Neytral siyasət yürüdən, bölgədə və dünyada sabitliyin, sülhün tərəfdarı kimi çıxış edən, Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycanla dünyanın aparıcı dövlətlərindən biri olan Rusiya arasında müttəfiqlik sənədinin imzalanmasına hazırlıq işlərinə hələ 2021-ci ildən start verilmişdi. Prezident İlham Əliyevin rəsmi səfəri də o vaxtdan planlaşdırılırdı. Qeyd etmək istəyirəm ki, Moskva Bəyannaməsi adlanan müttəfiqlik sənədinin imzalanma mərasiminin bu günə təsadüf etməsinin Ukrayna-Rusiya, Rusiya-NATO qarşıdurması ilə heç bir bağlılığı yoxdur. Rusiya Azərbaycanın ən iri iqtisadi partyorlarından biridir, uzun illər bir dövlətin tərkibində xoş qonşuluq münasibətlərində yaşamışıq, şimal qonşumuzun ərazisində milyonlarla həmvətənimiz, soydaşımız yaşayır, ikitərəfli münasibətlərimizdəki qarşılıqlı hörmət, etibarlılıq əlaqələrimizin genişləndirilməsində başlıca rol oynayır. Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr, Rusiya biznes adamlarının Azərbaycanın, Azərbaycan iş adamlarının isə Rusiyanın iqtisadi sektoruna qoyduğu investisiyaların həcmi durmadan artır. Ölkələrimiz arasında qarşılıqlı hörmət və etibar var”.
A.Hüseynov diqqəti Bəyannamədə əks olunan müddəalara çəkib: “Bu sənəddə nə Azərbaycanın, nə də Rusiyanın milli maraqlarına, suveren hüquqlarına zərər vuracaq heç bir maddə yoxdur. Hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulması, müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinmək, öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa dair öhdəlik götürürlər. Bundan əvvəl Şuşada Türkiyə ilə Azərbaycan arasında “Şuşa Bəyannaməsi” imzalandı, bu gün isə Rusiya ilə oxşar sənədə imza atıldı. Sabah Avropa Birliyi ilə ikitərəfli sazişin imzalanması gözlənilir. Bütün bunlar Cənubi Qafqazda formalaşmış yeni konfiqurasiyada Azərbaycanın rolunu artırır, ölkənin təhlükəsizliyini təmin edir. O cümlədən əsası Ulu Öndərimiz tərəfindən qoyulmuş və bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən balanslaşdırılmış xarici siyasətimizin milli maraqlarımıza tam cavab verdiyini təsdiq edir. Bütün bunlar onu deməyə əsas verir ki, II Qarabağ müharibəsində Böyük Qələbənin qazanılmasında başlıca rol oynayan dünyanın güc mərkəzləri ilə sağlam və qarşılıqlı hörmət üzərində qurulmuş əlaqələr Azərbaycanın müstəqil siyasətinə, təhlükəsizliyinə zəmanət qazandırıb”.