Xocavənd rayonu ərazisində 22 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən sürücü saxlanılıb.
Bu barədə Arazmedia.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
Onun sözlərinə görə, hadisə ilə bağlı qəzaya uğrayan avtomobilin sürücüsü Paşa Mürşüdov şübhəli şəxs qismində saxlanılıb. Hazırda fakt üzrə başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, fevralın 6-da axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb. Qəza Xocavənd rayonu ərazisində baş verib. Qəza nəticəsində 22 nəfər xəsarət alıb.
Faktla bağlı Xocavənd rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.1-1-ci ( Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.