DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Siyasət

Memorial Kompleks erməni vəhşiliyinin əyani sübutu olacaq

5 dəqiqəyə oxunur

Prezident İlham Əliyevin Gəncəyə səfəri regionlara olan digər səfərlər kimi aktuallığı ilə xalqın diqqət mərkəzində oldu. Dövlət başçımız Gəncə Dövlət Dram Teatrının yeni binasının və 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzinin açılışını etdi, “Azərbaycan Dəmir Yolları” QSC-nin Gəncədəki lokomotiv deposunun istismara verilməsi mərasiminə qatılıb və Gəncə İdman Sarayında tikinti işlərinin gedişi ilə tanış oldu. Diqqətimizi çəkən önəmli məsələ Gəncə Memorial Kompleksinin təməlinin qoyulması oldu. Dövlət başçımız Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumu nəticəsində həlak olan dinc sakinlərin xatirə guşəsinin önünə gül dəstəsi qoyduqdan sonra kompleksin yaradılacağı ərazi ilə tanış oldu.

Yaxşı xatırlayırıq ki, Vətən müharibəsi dövründə Gəncə şəhəri oktyabrın 4-də, 5-də, 8-də, 11-də və 17-də Ermənistan silahlı qüvvələri tərəfindən endirilən zərbələrə məruz qalmışdı. Nəticədə 6-sı uşaq olmaqla, 26 mülki şəxs həlak oldu, 31-i uşaq ol­maqla, 142 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Gecəyarısı insanlar yuxuda olarkən bu hadisənin baş verməsi, xəyanətkar qonşuların iblis xarakterini daha aydın göstərdi. Münaqişə bölgəsindən kilometrlərlə kənar ərazilərin qadağan olunmuş kaset bombalarla hədəfə alınması nə beynəlxalq hüquqa, o cümlədən, Ermənistanın 1993-cü ildə ratifikasi­ya etdiyi Cenevrə konvensiyalarına və onların əlavə protokollarına, nə müharibənin yazılmamış qaydalarına, nə də ümumiyyətlə, heç bir mənəvi müstəviyə uyğun deyildi. Azərbaycan isə müharibənin ilk günündən heç vaxt mülki əhaliyə atəş açmadı, qisasımızı döyüş meydanında aldı.

Qeyd edək ki, Ermənistanın raket hücumları nəticəsində həlak olan dinc sakinlərin xatirəsi bu ərazini ziyarətə gələn hər kəs tərəfindən ehtiramla anılır. Cənab Prezidentin AZƏRTAC-a müsahibəsində Memorial Komplekslə bağlı səsləndirdiyi, həqiqətə, fakt­lara söykənən fikirləri bu dəhşətli mənzərəni göz önündə bir daha canlandırdı. Dövlət başçımız viranəyə çevrilmiş həmin ərazini göstərərək dedi ki, bu dağılmış evlərin önündə olmaq, bu dəhşətli mənzərəni seyr etmək hər bir azərbaycanlı üçün çox ağırdır. İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub, beş raket isə partlamayıb. Bu da öz növbəsində onu göstərir ki, Ermənistan ordusu nə vəziyyətdə idi. Qeyd etdi ki, bu xəyanətkar atəş nəticəsində həlak olan vətəndaşlarımız yaşamalı idi. Onların arasında uşaq­lar, qadınlar, yaşlı insanlar da var idi, 6 uşaq həlak oldu. Təkcə Gəncə şəhərində 26 mülki vətəndaş namərd raket həmləsi nəticəsində erməni faşiz­minin qurbanı oldu.

Dövlət başçımız bildirdi ki, Gəncə şəhəri həm “Toçka-U”, həm “SCUD” raketləri ilə atəşə tutulurdu: “Biz bu məsələ ilə bağlı öz sözü­müzü deyəndə Ermənistan tərəfi bunu inkar edirdi. Sonra da yalançı Ermənistan təbliğatı növbəti uydur­ma ortaya qoyaraq bəyan etmişdi ki, Azərbaycan özü öz şəhərlərini atəşə tutur. Görün nə dərəcədə alçaqlıq və vicdansızlıqdır. Necə ki, vaxtilə ermənilər deyirdilər, azərbaycanlılar özləri Xocalı soyqırımını törədiblər. Bu dəfə də ermənilər öz yalanlarının, necə deyərlər, qurbanlarına çevrilib. Çünki ballistik raketlərin trayektoriyası böyük dövlətlər tərəfindən izlənilir və hər kəs gördü ki, erməni ordusu gecə vaxtı dinc şəhəri, müharibə zonasın­dan uzaqlarda yerləşən şəhərin məhz yaşayış məhəlləsini məqsədyönlü şəkildə atəşə tutub. Yəni, bu, təsadüfən açılan atəş deyildi, məqsədyönlü şəkildə yaşayış binasını vurmaq, Azərbaycan vətəndaşlarını öldürmək, Azərbaycan xalqının gözü­nü qorxutmaq, Azərbaycan rəhbərliyini torpaqların azad edilməsindən çəkindirmək məqsədi daşıyırdı. Əlbəttə, bu, hərbi cinayətdir və hərbi cinayət kimi dünya tərəfindən tanın­malıdır. Azərbaycan Ordusu müharibə dövründə belə cinayətlərə əl atmayıb, biz müharibəni ləyaqətlə aparmışıq, biz döyüş meydanında düşmənə ca­vab vermişik. Gəncə və digər şəhərlər – Mingəçevir, Bərdə, Tərtər, Goran­boy, Ağdam rayonu, Füzuli rayonu, Naftalan bombalananda mən deyirdim ki, biz döyüş meydanında qisasımızı alacağıq. Biz ermənilərdən fərqli ola­raq heç vaxt hərbi cinayətə əl atmarıq. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir, siyasətimizin düzgünlüyünü göstərir”.

Prezident Ermənistanın belə çirkin əməllərə əl atıb bizi dayandırmaq istədiyini, amma xalqımızın, hətta bu dağıntılar altından qan içində çıxan, yaxınlarını itirmiş insanların ərazi bütovlüyimiz uğrunda savaşa atılmaq istədiklərini xatırlatdı. Dedi ki, bizi heç kim və heç nə dayandıra bilməzdi. Bu günahsız insanların, şəhidlərin qisası döyüş meydanında alınmalıydı və alındı. Ermənistan diz çökdü, məğlub oldu. Böyük ərazini əhatə edəcək Memorial Kompleksdə dağıdılmış bu binaların olduğu kimi qalacağını deyən dövlət başçımız haqlı olaraq, gələcək nəsillər üçün bu yaddaşın silinməməli olduğunu vurğuladı: “Bu erməni vəhşiliyini unutmamalıyıq. Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayaca­ğıq. Onların müqəddəs ruhu qarşı­sında baş əyərək bir daha deyirik ki, onların qanı yerdə qalmadı”.

Əminik ki, yaradılacaq Memorial Kompleks həlak olanların yaxın­ları üçün təsəlli olmaqla, erməni vəhşiliyinin əyani sübutu kimi beynəlxalq ictimaiyyət tərəfindən də daim ziyarət ediləcək.

Aydın HÜSEYNOV,

Milli Məclisin deputatı