Aydın Hüseynov, Milli Məclisin deputatı
20 Yanvar faciəsi Kremlin Azərbaycan xalqını cəzalandırmaq üçün törətdiyi qətliamlardan biridir. Azərbaycanda geri gönüşü olmayan müstəqillik hərəkatını beşiyindəcə boğmaq niyyəti ilə təpədən dırnağa qədər silahlanmış cinayətkar, qəsbkar ordunu silahsız insanların üzərinə göndərmək, onları Bakıda və ölkəmizin digər şəhərlərində amansızcasına qətlə yetirmək imperiyanın vəhşi üsullarından biri kimi təqdim olunmalıdır. Bəli, bunu dağılmaqda olan Sovetlər birliyinin ordusu, SSRİ Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları və xüsusən də erməni başkəsənlərindən ibarət dəstələr törətmişdilər. Onların bir məqsədi vardı, Ermənistanın və dünya ermənilərinin arxasında duran güclərin Qarabağın dağlıq hissəsini, daha dəqiq desək, keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin inzibati ərazisini Azərbaycandan qoparmaq üçün başlatdıqları kampaniyaya etiraz edənləri susdurmaq, xalqımızın müstəqillik ruhunu sındırmaq, Azərbaycanı bir dövlət kimi yer üzündən silmək. Amma, sovet ordusunun əli ilə qanlı cinayət törədənlər xalqın mübarizə rununu heç vaxt sındıra bilməyəcəklərini anlaya bilmədilər.
20 Yanvar qətliamı Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
Bu faciəni həm də siyasi maraqlar naminə Azərbaycan xalqına qarşı törədilmiş cinayət adlandırmaq olar. O dövrdə hakimiyyətdə olanların xalqın maraqlarından çıxış etməməsi, bir başqa qrupun hakimiyyətdən pay ummaq siyasəti, müxalifətin isə hakimiyyətə gəlmək üçün qurduğu oyunlar kənar qüvvələrin ölkəmizə ayaq açmasına geniş imkanlar qazandırmışdı. Hər qrup öz şəxsi və kollektiv maraqlarından çıxış edirdi və bu da xalqımızın müstəqillik arzularının həyata keçməsində böyük əngəl idi. Xalq milli maraqlara zidd addımlar atan Azərbaycanın o zamankı rəhbərlərinin istefasını tələb edirdi. Mərkəzi hakimiyyət – Kreml isə proletariat diktaturasının hakim olduğu ölkə statusunu unudaraq xalqın tələbini rədd etdi və xalqın qətiyyətlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxdığına görə Azərbaycanı cəzalandırdı, Qanlı Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc və əliyalın əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutuldu, kütləvi qətllər törədildi. Sovet ordusunun xüsusi təyinatlıları və və çoxlu sayda daxili qoşun birləşmələri Bakını ələ keçirmək üçün xüsusi qəddarlıq nümayiş etdirdilər. Bunu da tətbiq edilməmiş “fövqəladə vəziyyət” şəraitində törətdilər, bu barədə əhali xəbərdar edilməmişdi.
Bu hadisəni əvvəlcədən planlaşdırılmış hərbi cinayət də adlandırmaq olar. SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabitinin Bakı şəhərinə gətirməsi, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilməşi, ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantların da cəlb edilməsi Kremlin iyrənc, qəddar niyyətindən xəbər verirdi. 150-yə yaxın azərbaycanlının ölümü, 800-ə yaxın insanın açılan güllələrdən müxtəlif dərəcəli yara alması fövqəladə vəziyyət elan olunanadək baş vermişdi. Halbuki, bu, “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il Beynəlxalq Aktın birinci bəndinə zidd idi. Bakıya qoşun yanvarın 19-da saat 21-də yeridilmişdi, fövqəladə vəziyyət isə yanvarın 20-də tətbiq edilmişdi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmişdilər. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdü.
Azərbaycanın siyasi rəhbərliyi bu faciədən sonra nəinki istefaya getmədi, hətta belə bir məqamda susmağı daha üstün tutdu. 20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etiraz isə o vaxt Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirildi. Heydər Əliyev təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edərək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.
Nə hakimiyyətdən gedən, nə onun yerinə gələn, nə də AXC-Müsavat hakimiyyəti 20 Yanvar hadisələrinə siyasi qiymət verməyə cəsarət etmədilər. Xalq daha bir gerçəkliyin şahidi oldu ki, azadlıq mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranlar əslində insanlara yalan vədlər verərək hakimiyyət kürsüsünü ələ keçirən bir qrup siyasət dəllallarıdır. Qanlı faciəyə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu tamam unutdu, öz imkanlarından istifadə etmədi.
Ulu Öndər Heydər Əliyev isə 21 yanvar tarixində Moskvanın mərkəzində Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid etdi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi məhz Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider Heydər Əliyev dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı.
Bəli, Ulu Öndərimiz bunu ürəkdən yanaraq və həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışaraq etmişdir. Heydər Əliyev açıqlamalarının birində demişdir: “Bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”.