Elməddin Muradlı: “Köhnə avtobuslardan yaxa qurtarmaq çətindir, çünki…”
Bakıətrafı kənd və qəsəbələrə işləyən avtobusların yararsız, vəziyyətinin acınacaqlı olması ilə bağlı məsələ tez-tez gündəmə gətirilir. Ötən ilin sonlarına yaxın Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində 149 saylı sərnişin avtobusunun biabırçı görüntüləri yayılmış və köhnə avtobus problemini yenidən gündəmə gətirmişdi. Görüntüdə avtobusun sınıq-salxaq olması, oturacaqların sökülmüş və yerində evdə işlədilən stulların olması əks olunurdu. Yayılan məlumatda qeyd olunurdu ki, adıçəkilən qəsəbədə daha 8 belə istismara yararsız vəziyyətdə avtobus var. Gündəlik marşrutdan istifadə edən sərnişinlər artıq əlini bu avtobuslardan üzdüyünü və məcburi fərdi taksilərdən istifadə etməli olduqlarını bildirirdilər.
Bakı Nəqliyyat Agentliyi məsələnin tezliklə həll olunacağını və xəttə yeni avtobusların gətiriləcəyini bildirsə də, görünən budur ki, problemin həlli hələ də yubanmaqdadır.
Problemin həllinin hələ də çözülmədiyi haqda “Yeni Müsavat”ın da redaksiyasına müraciətlər olunub.
Bəs problem nədədir? Niyə hələ də paytaxt Bakının “köhnə avtobus” problemi öz həllini tapa bilmir?
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin yeni mövqeyini öyrənməyə çalışsaq da çoxsaylı zənglərimiz cavabsız qaldı.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə qəzetimizə açıqlamasında bildirdi ki, hazırda köhnə avtobuslardan yaxa qurtarmaq çətindir:
“Çünki indiki dövrdə avtobus parkının yenilənməsi sürətli formada həyata keçirilə bilməz və bu mümkün də deyil. ”BakuBus” MMC dövlət tərəfindən yaradılıb və dövlətin özü belə bu işi sürətli həyata keçirə bilmir. Çünki avtobusların qiyməti kifayət qədər bahadır, həmçinin onların hazırlanması, ölkəyə gətirilməsi vaxt aparan məsələdir.