Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi “Qarabağ” bu gün növbəti oyununa çıxacaq.
Arazmedia.az xəbər verir ki, Ağdam təmsilçisi Konfrans Liqasının qrup mərhələsinin IV turunda “Kayrat”la üz-üzə gələcək.
İki həftə əvvəl Qazaxıstan təmsilçisini Bakıda 2:1 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri bu dəfə Almatıda rəqiblə qarşılaşacaq. İlk 3 matçda “Bazel”lə eyni sayda – 7 xal toplayan “Qarabağ” artıq bu turda pley-offa vəsiqəni rəsmiləşdirə bilər. Bunun üçün təmsilçimiz qalib gəlməli, həmçinin “Bazel” səfərdə “Omoniya”ya uduzmamalıdır.
Bu mövsüm avrokuboklarda məğlubiyyət üzü görməyən ağdamlılar uğurlu seriyanı davam etdirmək, “Kayrat” isə növbəti mərhələ şansını əldən verməmək üçün qalib gəlməyə çalışacaq.