“Dünyanın hər bir ölkəsində olduğu kimi, Azərbaycanda da müəyyən məhsulların, eləcə də kommunal xidmət haqlarının qiymətində artım baş verir. Qazın və işığın sonuncu dəfə qiymət artımını isə ajeotaj kimi qəbul etmək lazım deyil. Çünki hər bir sahədə olduğu kimi, kommunal xidmətlərin də keyfiyyətinin yüksəldilməsi üçün müəyyən qiymət artımlarına zərurət yaranır”.
Bu sözləri Milli Məclisin deputatı Mahir Abbaszadə Unikal.org-a açıqlamasında deyib. O bildirib ki, Prezident İlham Əliyev kommunal qiymət haqlarının artmasından sonra, əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsilə bağlı sərəncam imzalayıb:
“Bildiyiniz kimi hazırda Azərbaycan böyük bir qələbə ilə torpaqlarını işğaldan azad edib. Əslində, Qarabağın yenidən qurulması, əhalinin ora qaytarılması üçün böyük vəsaitlər, investisiya layihələri icra olunmalıdır. Bu isə böyük vəsait tələb edir. Amma buna baxmayaraq, cənab prezident 2 gün öncə əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı hökumətə tapşırıq verdi. Azərbaycan hökuməti hər zaman sosialyönülmü siyasət həyata keçirib.
Bəli, kommunal xidməthaqlarının artması əhali üçün müəyyən çətinliklər yarada bilər. Amma bu artım hər bir ailə üçün 5-6 manatdan yuxarı olmayacaq. Nəzərə alsaq ki, prezidentin sərəncamına uyğun olaraq, əhalinin gəlirlərində artım olacaq, o zaman kommunal ödənişlərdəki bahalaşma aztəminatlı ailələrin həyat şəraiti və gündəlik güzəranına ciddi təsir etməyəcək.
Prezident İlham Əliyevin siyasətinin mərkəzində hər zaman Azərbaycan vətəndaşı dayanıb. O, bunu tarixin bütün anlarında sübut edib. Dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq hissəsi, əlavə gəlirlər daim vətəndaşların sosial vəziyyətinin daha da güclənməsinə yönəldilib”.
Mahir Abbaszadə onu da bildirib ki, 2022-ci ilin Dövlət Büdcəsi layihəsində sosial xərclərin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulub. O, hesab edir ki, əhalinin gəlirlərinin – maaş, pensiya, təqaüd və s. xeyli dərəcədə artımına gətirib çıxardacaq bu dəyişikliklər kommunal sahədə əhalinin xərclərinin artan hissəsini bir neçə dəfə üstələyəcək.